25 May 2016 15:58
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ” 2015/2016 mövsümündə tarixi uğura imza atıb.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin 11 komandası çıxış etdiyi liqalarda mükafatçılar sırasına düşüb.

Bununla da 11 müxtəlif liqada qüvvəsini sınayan “qırmızı-qaralar”dan heç biri ilk “üçlük”dən kənarda qalmayıb.

Topaz Premyer Liqada 3-cü olan əsas komandamız ardıcıl üçüncü dəfə bürünc mükafatlara sahib çıxıbsa, əvəzedicilər tarixində ilk dəfə çempion tituluna yiyələnib. 2011-2012, 2013-2014 mövsümlərində gümüş, 2009-2010, 2010-2011 mövsümlərində bürünc medalları yaxasından asan əvəzedicilər tarixində 5-ci mükafatını qazanıb. Bununla da 2013-14 mövsümündəki kimi həm əsas, həm əvəzedicilər çempionatı fəxri kürsüdə başa vurub.

Bürünc medalı son turun “Kəpəz”lə səfər oyununda əldə edən Roman Qriqorçukun baş məşqçisi olduğu komanda və finişə 4 tur qalmış çempionluğu bayram edən Ramin Quliyevin yetirmələrinin uğurlarına futbol akademiyasının komandaları da qoşulub.

AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən liqalarda yeniyetmə oğlanlardan ibarət komandaların hamısı mükafat qazanıb. Onlardan üçü – UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19, həmçinin U-16 və U-15 2015-2016-cı illər mövsümünün qalibi olub. U-17, U-11 və U-10 gümüş medallara layiq görülüb. Digər 3 komanda isə bürünc medalla kifayətləniblər. Bunlar U-14, U-13 və U-12-dir.

İndiyədək "Qəbələ" heç vaxt bir mövsümdə 11 liqada mükafat qazanmayıb. Bunadək klubun rekordu 9-a bərabər idi. 2013-2014 mövsümlərində əsas və əvəzedicilər, həmçinin akademiyanın 7 komandası fəxri kürsüyə qalxmağa nail olub. 2014-2015-ci illər mövsümündə isə bu rəqəm 8 olub.

Akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə 2009-2010-cu illər mövsümündə mükafatçılar sırasına düşən “Qəbələ” son 7 mövsümdə 38 dəfə ilk “üçlük”də yer alıb. Komandalar bu müddətdə 17 çempionluq yaşayıb, 15 dəfə 2-ci olub və 6 dəfə bürünc medala yiyələnib. Son 7 mövsümdə cəmi 8 dəfə "qırmızı qaralar" mükafat qazana bilməyib.


Müəllif: