20 İyun 2014 14:10
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizin şose velosipedi üzrə gənclərdən ibarət yığma komandasının 5 üzvü iyunun 20-22-də Almaniyanın Karlsberq şəhərində keçiriləcək turnirdə iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqınn (UCI) təqvim planında "Millətlər Kuboku" adı altında yer alan yarışın 2-ci mərhələsi kimi xarakterizə olunan və "Trofeo Karlsberg" adlanan yürüşdə idmançılarımız ümumilikdə 286 km məsafə qət edəcəklər.

Yeniyetmə və gənclərdən ibarət yığma komandaların məşqçisi Əbülfəz Məmmədovun rəhbərliyi altında Almaniyada Elgün Əlizadə, Kənan Qəhrəmanlı, Nicat Qarayev, Elmar İlyasov və Tərlan Məmmədov yarışacaqlar.

Proqrama əsasən, bu gün keçiriləcək ilk mərhələdə iştirakçılar 98.6 km məsafə qət edəcəklər. İyunun 21-də yarış proqramı 2 hissədən ibarət olacaq - səhər saatlarında 79 km məsafədə qüvvəsini sınayacaq velosipedçilər günün ikinci yarısında daha 8,8 km məsafədə mübarizə aparacaqlar. İyunun 22-də keçiriləcək sonuncu mərhələnin uzunluğu isə 100 km-dir.

Qeyd edək ki, gənc velosipedçilərimiz aprelin sonlarında Xorvatiyada "Millətlər Kuboku" turnirinin 1-ci mərhələsi olan "Tour of İstria" yarışında da iştirak ediblər. Bu turnirdə idmançılarımızdan ən yüksək nəticəyə Elgün Əlizadə imza atmış və yarış qalibindən 36 saniyə geri qalmaqla 28-ci olmuşdu.


Müəllif: