1 İyun 2016 15:31

AÇ-2016 üçün iştirak ərizələrinin verilmə vaxtı bu günün sonunda bitəcək. Bir çox milli komandanın yekun heyəti məlumdur.

Publika.az xəbər verir ki, artıq turnirin ən yaşlı və dəyərli komandaları müəyyənləşib. Belə ki, İrlandiya millisi orta yaş həddinə görə Fransada ən “qoca” komanda olacaq. Burada futbolçuların orta yaş həddi 29,4-dür. İrlandiyanın heyətində 40 yaşlı qapıçı Şey Given də var. Ancaq o, turnirin ən yaşlı oyunçusu deyil. Bu status ondan 19 gün böyük olan Macarıstan millisinin qolkiperi Qabor Kiraya məxsusdur.

AÇ-2016-nın ən gənc futbolçusu isə İngiltərə millisinin 18 yaşlı hücumçusu Markus Reşforddur (31.10.1997). Ümumiyyətlə, Fransada ən gənc heyət İngiltərə və Almaniya millilərində olacaq – 25,4.

Komandaların dəyərinə gəlincə, transfermarkt.de saytının statistikasına əsasən, AÇ-2016-nın ən bahalı heyəti Almaniya millisindədir – 562 milyon avro. İspanlar Bundestimdən 4,5 milyon avro geri qalır – 557,5. Sonrakı yerləri Belçika (460,9), Fransa (454) və İngiltərə (446) milliləri tutur.

Turnirin ən ucuz komandası isə futbolçularının dəyəri 27,3 milyon avro olan Macarıstan millisidir.

İngiltərə yeganə komandadır ki, heyətdə ölkədən kənarda oynayan futbolçu yoxdur. İslandiya, İrlandiya və Şimali İrlandiyanın heyətini isə bütünlüklə legionerlər təşkil edir.


Müəllif:
Загрузка...