1 İyun 2016 18:13
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının ev sahibliyi edəcəyi Formula 1 Avropa Qran Prisi üçün bilet alan şəxslərin yarışların keçiriləcəyi məkana çatdıracaq nəqliyyat vasitələri barədə sosial şəbəkələrdə çoxsaylı suallar ünvanlanır.

Yarışlarla əlaqədar bolidlərin keçəcəyi bəzi yollar bağlandığından tamaşaçılar trekə necə gələcəyini sual edir.
Qeyd edək ki, paytaxtda nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılıb. Birinci zonaya Bakı trekinin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər, ikinci zonaya “Azadlıq” meydanı və yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Formula 1 Avropa Qran-prisinin keçiriləcəyi günlərdə - iyunun 17-18-19-da tamaşaçıları trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələrinin adları artıq bəllidir.

Tamaşaçıları yarış tribunasına hansı avtobuslar aparacaq?

Bakı trekin yaxınlığından keçən avtobuslar və metronun müəyyən stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək gün ərzində ümumilikdə 20 saat xidmət göstərəcək. Yarış həftəsi ərzində 65, 5 və 53 nömrəli avtobuslar müvafiq olaraq 5, 3 və 6 dəqiqəlik intervalla hərəkət edəcəklər.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidir. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Füzuli Meydanı – M.Muxtrov Küçəsi – Nizami Küçəsi – S.Rüstəmov Küçəsi – Ə.Cavad Küçəsi – Azərbaycan Prospekti – Füzuli Meydanı – Z.Əhmədbəyov Küçəsi – Tbilisi Prospekti – 20 Yanvar Küçəsi – H.Məhərrəmov Küçəsi – Mir Cəlal Küçəsi.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdır. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: N.Nərimanov Metro Stansiyası – 28 May Metro Stansiyası – Azadlıq Prospekti – Nizami Küçəsi - R.Behbudov Küçəsi – N. Nərimanov Metro Stansiyası.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayın qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (2-ci sahə) – Milli Bayraq Meydanı – Bakı Əloyunları Sarayı.

“28 May”, “Sahil” və “İçərişəhər” SİZİ Bakı trekinə aparacaq

Bununla yanaşı, tamaşaçılar yarışın keçiriləcəyi məkana metro vasitəsilə də gələ bilərlər. Bunun üçün bilet sahibləri “28 May”, “Sahil” və “İçərişəhər” metro stansiyalarında düşərək trekə yaxınlaşa bilərlər.
Adıçəkilən stansiyalar gecə saat 02:00-a qədər sərnişinlərin istifadəsi üçün açıq olacaq. Digər stansiyalar isə ənənəvi qaydada 00:00-da sərnişinlərin girişi üçün bağlanacaq, ancaq metronun çıxış qapısı açıq qalacaq.
Qeyd edək ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı piyadalar trekin müəyyən yerlərində yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Xəqani ilə Rəşid Behbudov küçələrinin kəsişmələrində yerləşəcək.

İyunun 16-sı, günorta saat 14:00-dən etibarən yalnız bilet sahiblərinin dənizkənarı bulvara çıxışı olacaq. Şəhər sakinləri 17-18-19 iyun tarixlərində sadəcə Park Bulvar alış-veriş mərkəzindən istifadə edə biləcəklər.


Nərgiz Ehlamqızı


Müəllif: