9 İyul 2016 13:17
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Anadolu qaz boru kəmərindən (TANAP) faydalanaraq həm Türkiyədə, həm də qonşu ölkələrdə gələcəkdə kommunikasiya şəbəkələrinə olan tələbatı qarşılaya biləcək fiber-optik layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

SOCAR-dan Teleqraf.com-a verilən məlumata görə, imzalanmış müqaviləyə əsasən boru kəməri xətti boyunca fiberin döşənməsi ilə bağlı müstəsna hüquqlar SOCAR-a verilib. Bu məqsədlə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) törəməsi kimi “SOCAR Fiber Optik A.Ş.” şirkəti yaradılıb.

SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1810 kilometrdir. Boru kəməri Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq.

TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur.

İlhamə ƏBÜLFƏT


Müəllif: