11 İyul 2016 23:18
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasını genişləndirib.

Teleqraf.com-un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-­d­a Azərbaycan Prezidenti İlham Əliyevin­ s­ədrliyi ilə Nazirlər Kabinetinin 2016­-cı­ ilin birinci yarısının sosial-iqtis­adi inkişafının yekunlarına və qarşıda d­uran­ vəzifələrə həsr olunan iclasında d­eyib.

Nazir qeyd edib: "Möhtərəm cənab Prezident. Hörmətli iclas iştirakçıları. Zati-aliləri, rəhbərliyinizlə həyata keçirilən aqrar islahatlar, bu sektora dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi və institusional islahatların aparılması kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına və fəallığın yüksəlməsinə səbəb olmuşdur. İnstitusional islahatlar demək olar ki, başa çatdırılaraq elmi müəssisələrin fəaliyyətindəki paralelliyin aradan qaldırılması, nazirliyin balansında olan toxumçuluq, tingçilik və damazlıq üçün nəzərdə tutulan torpaq sahələrinin konsolidasiya olunaraq birbaşa funksional vəzifələrin icrası məqsədlərinə yönəldilməsi, informasiya-məsləhət xidmətlərinin yaradılması, aqrar sahənin əlavə fiskal tənzimlənmə alətləri ilə dəstəklənməsi tədbirləri daha intensiv davam etdirilmişdir".

Onun sözlərinə görə, aqrar sektorun texnika təminatındakı problemlər həll edilmiş və lazımi həcmdə gübrə ehtiyatının yaradılması təmin olunmuşdur: "Bütün bunların nəticəsində ilin birinci yarısında faktiki yetişdirilmiş məhsula uyğun 7 faiz artım gözlədiyimiz halda, havaların 25 gün aramsız yağışlı keçməsi səbəbindən biçinə 15 gün gec başlanılması ilə əlaqədar göstəricilərin xeyli hissəsi iyul ayına təsadüf etdiyinə görə artım 3,1 faiz təşkil etmiş və bu artım bütün əsas növ kənd təsərrüfatı məhsulları üzrə müşayiət olunmuşdur.

Möhtərəm cənab Prezident, bütün bunlar nəzərə alınarsa, ilin sonuna aqrar sektorda istehsalın həcmində ən azı 6 faiz artımın olacağını proqnozlaşdırırıq. Dünya Bankının verdiyi proqnozlara görə isə ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir ki, bunun da hesabına Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunur".

H.Əsədov bildirib ki, ilkin proqnozlara görə, cari ildə ölkədə 3 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur: "İstehsalın artımı ilə yanaşı, Zati-aliniz tərəfindən ixracın stimullaşdırılması üçün müəyyən edilən dəstək tədbirləri, habelə aidiyyəti dövlət orqanları tərəfindən məhsul ixracı ilə bağlı yaranan maneələrin aradan qaldırılması kənd təsərrüfatı məhsullarının həm ümumilikdə, həm də müxtəlif seqmentlər üzrə ixracını kəskin şəkildə artırmışdır. Belə ki, cari ilin 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunmuşdur".

Nazir vurğulayıb ki, Rusiya mənbələrində bu ölkənin bazarlarında satılan pomidorun 7,4 faizinin Azərbaycanın payına düşdüyü bildirilir, halbuki ötən il bu göstərici cəmi 1 faiz təşkil etmişdi: "Əlamətdar hal ondan ibarətdir ki, ilk dəfə olaraq ərzaqlıq lobya, düyü, ərzaqlıq və yemlik arpa, darı və çərəzlərin, heyvandarlıqda isə ət və süd məhsullarının ixracına başlanılmışdır. Eyni zamanda, ixracın coğrafiyası dəyişilərək ənənəvi Rusiya bazarı ilə yanaşı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İraq və Türkmənistanı da əhatə etmişdir".

Onun sözlərinə görə, yerli istehsalın artımı heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalmasına səbəb olmuşdur. İdxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə isə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalmışdır:

"Bununla yanaşı, devalvasiyaya baxmayaraq, daxili bazarda həm iri, həm də xırdabuynuzlu heyvan ətinin pərakəndə satış qiyməti manat ifadəsində 20 faizdən çox azalmışdır ki, bu da yaddaqalan nailiyyətlərdən biridir. Analoji vəziyyət süd məhsullarının idxalında da müşahidə olunmuşdur. Belə ki, azalma xama üzrə 18 faiz, pendir üzrə 6,6 faiz, kərə yağı üzrə 18,8 faiz təşkil etmişdir".


Müəllif: