13 İyul 2016 11:05
452

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 rayonda - Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında torpaqların elektron uçotu işləri aparılır.

Bu barədə Teleqraf.com-a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Respublikanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130.000 ha ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir. Ötən il Şəki rayonunun 114 min, Qazax rayonunun 44 min, Ağstafa rayonunun 35.4 min, Tovuz rayonunun 49 min hektar bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş cəmi 242 minə yaxın hektar ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb.

Aparılan monitorinq nəticəsində aşkar edilib ki, respublika üzrə mövcud olan 1.8 milyon hektar əkin sahəsinin 198 min hektarı (11,3%) istifadə olunmur. Bundan başqa, 2.6 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 91 qanunsuz daş, qum-çınqıl karxanaları, 6 min hektar torpaq sahəsində isə 222 qanunsuz balıq gölləri yaradılıb. Digər tərəfdən, icra hakimiyyətləri və bələdiyyələr 1204 hektar torpaq sahəsinin qanunsuz istifadəyə, icarəyə, mülkiyyətə verilməsinə, təyinatının qanunsuz dəyişdirilməsinə dair 245 qərar qəbul ediblər.

Respublikanın şəhər və rayonları üzrə 20 minə yaxın torpaq icarəçisinin istifadəsində olan 1.2 milyon hektar torpaq sahəsinin 44.3 min hektarı faktiki istifadəsiz qalıb. Yerli icra hakimiyyətləri və bələdiyyələr də kənd təsərrüfatı torpaqlarını bəzi hallarda qanunsuz olaraq digər məqsədlərlə ayırırlar.

Ötən dövrlər ərzində yerli icra hakimiyyətləri tərəfindən 72 min hektar torpaq sahəsi, bələdiyyələr tərəfindən 15 minə yaxın hektar qeyri-kənd təsərrüfatı məqsədləri üçün ayrılıb. 122 min hektar torpaq sahəsi isə keçmiş icarəçilər tərəfindən icarə müqaviləsi olmadan istifadə edilir.

Bu sahədə nəzarəti həyata keçirən torpaq müfəttişləri 19.2 min pozuntu halı aşkar ediblər, bundan 4479 hal ciddi pozuntu (13686 fərdi yaşayış evi istisna olmaqla) hesab olunur. Bu hallarla bağlı fiziki və hüquqi şəxslərə 1169 xəbərdarlıq edilib, 349 inzibati protokol tərtib olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif: