13 İyul 2016 14:14
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə dərman preparatlarının istehsalı üçün ciddi proqram hazırlandığını bildirib. Dövlət başçısı vurğulayıb ki, proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə,bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq, vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə biləcəyik. Ölkə prezidenti bildirib ki, bu il artıq dərman fabriklərinin tikintisinə başlamalıyıq”.

Teleqraf.com-un xəbərinə görə, bunu millət vəkili Musa Quliyev ölkədə dərman prepartlarının istehsalı haqqında danışarkən deyib.

Deputat bildirib ki, dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir: “Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edir və hətta xarici bazarlara çıxarırlar. Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaranacaq”.

Mütəxəssis hesab edir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin ölkədir: “Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlarından istifadə daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bunun bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunar. Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirər. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu məqsədimizə də nail olacağıq”.

Nemət


Müəllif: