29 İyul 2016 17:41
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi çərçivəsində “Logistika və Ticarət” mövzusunda alt işçi qrupun toplantısı keçirilib.

Bu barədə Teleqraf.com-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Toplantıda Prezident Administrasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, dövlət orqanları, özəl şirkətlər və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, logistika və ticarət sahəsində strateji baxış rəqabət, iqtisadi təhlükəsizlik və sosial məsələləri əhatə etməlidir. Bu sahənin ÜDM-ə təsiri və yeni iş yerlərinin yaradılması ilə bağlı töhfəsi vurğulanıb. Strateji yol xəritəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində həyata keçirilə bilən təşəbbüslər müzakirə edilib. Xüsusilə, yol xərclərinin azalması, vaxt itkisinin qarşısının alınması, etibarlılığın yüksəldilməsi və əlavə dəyərin yaradılması ilə bağlı təkliflər səsləndirilib.

Yekunda bütün təkliflər sistemləşdirilərək “Milli İqtisadiyyat və İqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” sənədi üzrə İşçi qrupa təqdim olunacaq.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Səxavət


Müəllif: