5 İyul 2014 21:18
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mağazalar cibimizə bu yolla girir

Mağazaların müştəri cəlb etmək üçün "şok endirim", "böyük endirim", "bir mal alana, biri hədiyyə", "70 faiz endirim", "50 faiz endirim" kimi sözlər yazılan elanlar artıq çoxlarını təəcübləndirmir. Çünki belə elanların çox vaxt aldadıcı olduğu, məqsədin müştəri cəlb etmək olduğu çoxlarına bəllidir. Lakin mağaza rəhbərləri yalançı endirim kampaniyalarından əl çəkmir, hər il xüsusilə mövsümöncəsi mağazaların qarşısına endirim elanları vururlar. Bu yolla isə istehlakçıları aldadırlar.

İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin son vaxtlar yaydığı məlumatların böyük bir qismi də məhz bu mövzudadadır. Keçirilən reydlərə baxmayaraq bu cür saxta endirim təklif edən mağazaların sayı azalmaq bilmir. Baxmayaraq ki, 2012-ci ildən etibarən istehlakçıların hüquqlarının pozulmasına görə cəzalar da sərtləşdirilib.
Binəqədi rayonunun Cəfər Xəndan küçəsi boyunca qapısına endirim lövhələri vurulmuş ona yaxın geyim dükanında gördüklərimizdən bu qənaətə gəldik. Amma bəzi mağaza rəhbərləri qanunsuzluqları gözə alaraq elanların mətnində müəyyən dəyişiklik etsələr də, məzmun dəyişməyib.

"Nə alırsansa, yarısını ödə"

Məsələn, qapısına "Nə alırsansa, yarısını ödə" yazılan "Poppy Gallery" ayaqqabı və aksesuar mağazasına daxil oluruq. Mağazada iki ay öncə 75 manata gördüyümüz çantanın üzərinə 150 manat yazıldığını görüb, satıcıdan qiymətini soruşuruq. Satıcı "gördüyünüz qiymətin yarısı" deyərək cavab verir. Beləcə endirimin yalançı olduğunu müəyyənləşdiririk.

Mağazada dəri, sintetik və digər təbii və sün materiallardan hazırlanmış ayaqqabı, çanta və aksesuarlar satılsa da, satıcıların dermantin malları da əhaliyə dəri adı ilə satdığını şahidi olduq. Halbuki mağazada dəri çantaların qiyməti 180-200 manatdan başlayır və 50 faiz endirimlə təklif olunur. Qeyri-təbii materiallardan hazırlanan məhsullar isə cüzi qiymət fərqi ilə təklif olunur. Lakin satıcılar müştərilərə bütün məhsulların dəri olduğunu deyirlər.

"Colin’s" idman geyimləri mağazasında qiymətlər fantastik həddə olmasa belə, ucuz da deyil. Məsələn, qışda 90 manata olan gödəkçələr indi 30 faiz endirimlə 63 manata satılır. 140 manatlıq nisbətən uzun modellər 30 faiz endirimlə 98 manatdır. Gödəkçələrin qiyməti 60 manatdan başlayır. Ən bahalısı endirimlə 105 manatdır. Endirimə qədər 150 manat olub. Qısa montlar 77 manatdır. 140 manatlıqlar indi 98 manata qədər enib. Yaz köynəklərinə endirim yoxdur. Qadın cins şalvarları 40 manatdan başlayır. İdman şalvarı 40 manatdan 28 manata enib. 70 faiz endirimlərin hansı mallara aid olduğunu soruşduqda, satıcı məhdud ölçüdə olan qış geyimlərini göstərir.

"Dək"in sirri

Baş çəkdiyimiz "Çinici", "Rodi Mood", "BYT shoes" mağazalarında da oxşar mənzərə ilə qarşılaşdıq. Mağazaların son illər endirim gizlinlərindən biri də faiz rəqəmlərini nəzərə çarpan şəkildə böyük şriftlə yazmaq, amma rəqəmə "dək"şəkilçisi artımaqdır. Məsələn, "70 faizədək endirim" kimi yazılır. Bu yolla mağzalar endirim məbləğini konkret olaraq faizlə göstərməkdən çəkinir və "dək" şəkilçisi əlavə edirlər. "Ustop" mağazasının satıcısı Ülviyyə Nəsənova da etiraf edir ki, bu endirimin bütün mallara şamil olunmadığın və 70 civarında olmadığını bildirir. Yəni endirim 69 faiz də ola bilər, 3 faiz də. "Dək"in xüsusi vurğulanması da buna işarədir. 70 faiz endirimin tətbiq olunduğu mallarla tanış olmaq istəyəndə isə satıcı onlarda maksimum 50 faizədək endirim olduğunu söylədi. Yerdə qalan 20 faiz müəmmasını isə özü də izah edə bilmədi.

Yüksək faizli endirimlər istehlakçını aldatmağa xidmət edir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə mağazalara qarşı tətəbiq olunan cəza üsulunun, cərimələrin məbləğinin artırılmasını problemin həlli üçün real saymır. Ekspertin fikrincə, saxta endrimlərlə bağlı xüsisi qanun qəbul edilməlidir: "Mağaza 50 faiz endirim edir, 200 manata olan paltar 100 manata satılır. Məlum olur ki, əvvəllər məhsulun qiyməti heç də 200 man deyilmiş, məhsulun qiyməti 110 manat olub, belə çıxır ki, cəmi 10 manat endirim edilib, yəni endirim 50 faiz deyil, 5 faiz olub. Endirimin yüksək faizlə qoyulması istehlakçını aldatmağa xidmət edir".

Ekspert deyir ki, bu mövzuda daha bir problem malların üzərində qiymət kağızlarının vurulmasıdır: "Halbuki, Nazirlər Kabinetinin 80 saylı qərarına görə, malların üzərində maddi-məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır. Lakin, bu da çox vaxt alınan malların üzərində yoxdur. Yəni, istehlakçı bilmir ki, bunun əvvəlki qiyməti necə olub və indiki yalançı endirimdir, yoxsa doğru. Əksər hallarda bu endirimlər yalançı olur. Əvvəlki qiymətləri tətbiq edirlər, sadəcə endirimdə olduğu barədə reklam verirlər. Ola bilsin bir rəqəm yazıb üstündən xətt çəksinlər, lakin, bunlar həqiqi endirimi bildirmir. Çünki, yarlığa yazılanlar rəsmi sənəd deyil".

AİB sədri çıxış yolunu aidiyyəti qurumların effektiv fəaliyyətində görür: "Cərimələr yüksək etməklə yalançı reklamla müştəri yığan mağazaları "ağıllandırmaq" olar və büdcəyə də fayda verər".

Aldanmaya bilərikmi?

İqtisadiyyat və Sənaye Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə AİB sədrinin dedikləri ilə razılaşmır və yalançı endirimlə müştəri yığan mağazalara qarşı ciddi tədbir görüldüyünü deyir: "İctimaiyyətə də məlumdur ki, istehlakçı hüquqlarının qorunması məqsədilə mütəmadi olaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti monitorinqlər keçirir, camaat aldanmasın deyə, nəticələr açıqlanır. Endirimlərlə bağlı ən çox qarşılaşdığımız istehlakçının çaşdırılması, aldadılması halıdır. Adətən, ticarət obyektlərində endirim zamanı onların faizi göstərilir. Məsələn, 70 faiz endirim yazılır. Siz gəlib görürsüz ki, bir mala 5 faiz də endirim var. Əslində bu, düzgün deyil. Mağazaya girdiyiniz zaman endirim yazılmış malın qiymət kağızına baxırsınız. Qanunvericiliklə, hər bir malın üzərində onun qiymət kağızı olmalıdır və həmin qiymət kağızında indiki ilə yanaşı əvvəlki qiyməti mütləq göstərilməlidir. Orada əvvəlki və sonrakı qiyməti qeyd edilməlidir. Bununla siz istehlakçı olaraq bilirsiniz ki, deyilən 50 ya da 70 faiz endirim tətbiq olunub, ya olunmayıb".

Bəs istehlakçı əvvəlki qiymətin düzgün olub olmadığını hardan bilməlidir? Abbas Əliyev deyir ki, bunu artıq satıcı ilə dəqiqləşdirmə aparmaq, qiymət kağızını tələb etməklə öyrənmək mümkündür. Onun sözlərinə görə, istehlakçının hətta malın fakturasını da istəmək hüququ var.

Saxta endirimlərə qarşı mübarizənin yolları barədə isə iqtisadçı ekspert Pərviz Heydərov məlumat verdi. Ekspert hesab edir ki, mübarizə yalnız bir orqan tərəfindən aparıla bilməz: "Bu məsələ birinci növbədə "Reklam haqqında" qanunda öz əksini dəqiq tapmalı və istehlakçılar maarifləndirilməlidir. Hansısa şirkət və yaxud satıcı 40-50 faiz endirim barədə elan verirsə, hər bir istehlakçını öncə bunun iqtisadi əsasları düşündürməlidir. Ən azından məhsulun maya dəyəri barədə məlumat almaq üçün satıcıdan qaimə tələb etməlidir".

Naibə QURBANOVA


Müəllif: