8 İyul 2014 17:50
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 8-də Dövlət Neft Şirkətinin (ARDNŞ) Bakı Ali Neft Məktəbində (BANM) “Emerson” şirkətinin biznes-strukturlarından olan “Emerson Process Management” şirkəti ilə əməkdaşlıq haqqında razılaşmanın imzalanma mərasimi keçirilib.

Mərasimdə rektor Elmar Qasımov bildirib ki, Bakı Ali Neft Məktəbi Azərbaycanın ən gənc təhsil müəssisələrindən biridir, onun qarşısında duran əsas vəzifə ölkə sənayesinin və ARDNŞ-nin layihələrini həyata keçirmək qabiliyyətinə malik olan yüksəkixtisaslı mühəndislərə gündən günə artan tələbləri ödəməkdir: “Məktəb tələbələrə yüksək nəzəri biliklər və zəngin praktiki təcrübə vermək üçün beynəlxalq təhsil müəssisələri və şirkətlərlə fəal əməkdaşlıq edir. “Emerson” şirkəti ilə əməkdaşlıq proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlamaq, korporativ təhsil, ixtisasartırma, təcrübənin nəsildən nəslə ötürülməsi ənənəsinin tətbiqi, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirmək imkanı verəcək”.

“Emerson Process Management” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Yohan Vanderplats qeyd edib ki, Azərbaycan “Emerson” şirkətinin texnologiyaları və xidmətləri üçün vacib məkandır və şirkət bu regionda biznes fəaliyyətini genişləndirmək niyyətindədir. “Emerson” şirkəti dünya ölkələrinin universitetləri ilə təhsil proqramları həyata keçirir, bu layihə isə şirkətin Azərbaycanın ali təhsil müəssisəsi ilə ilk əməkdaşlıq təcrübəsidir.

Əməkdaşlıq haqqında razılaşma sənədinə əsasən, tərəflər neft-qaz müəssisələrində istehsal proseslərinin avtomatlaşdırılması üzrə tədqiqat və tədris proqramlarını dəstəkləmək məqsədi ilə ardıcıl olaraq birgə tədbirlər həyata keçirəcək.

Razılaşmanın şərtlərinə görə, “Emerson” BANM-ni xüsusi tədris materialları ilə təchiz edəcək, şirkətin ekspertləri tələbələr üçün mühazirə və seminarlar, istehsalat təcrübələri təşkil edəcək və yay stajkeçmə proqramları həyata keçirəcəkdir. BANM-in əlaçı tələbələri “Emerson”-un adlı təqaüdlərini alacaqlar.

Naibə


Müəllif: