11 İyul 2014 11:21
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Teleqraf.com-un xəbərinə görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olub. İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.

Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Şahin Mustafayev Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür edib.

Hondurasın iqtisadiyyatına dair təqdimatında Alden Rivera ölkəsində həyata keçirilən dövlət proqramları və potensial layihələr barədə məlumat verib, Azərbaycan iş adamlarını bu layihələrdə iştiraka dəvət edib.
İyulun 12-dək davam edəcək səfər çərçivəsində qonaqlar Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.

Naibə


Müəllif: