17 Aprel 2017 13:09
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 16-da yeni hərrac keçirəcək.

Komitədən Teleqraf.com-a verilən məlumata hərraca ümumilikdə 212 əmlak çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 74-ü istifadəsiz qeyri-yaşayış sahəsidir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. Bunlar əsasən sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. Nizamnamə kapitalı isə 9 min manatla 886 min 154 manat arası dəyişir.

Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 133 min 167 manata təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və qeyri-yaşayış obyektlərinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Şəki, Sabirabad, Ucar, Cəlilbad, Balakən, Xızı, Mingəçevir və digər şəhər və rayonlarda yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak paytaxtın Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir Tikinti Sahəsi olacaq. Adı çəkilən əmlak 1 milyon 355 min 500 manata təklif edilir. Torpaq sahəsi isə 7869 kv.m təşkil edir.

Balakəndə yerləşən Əmlak Kompleksi 825 min manat, Şəki Barama Toxuma Zavodu 363 min 750 manat olmaqla qiyməti ilə fərqlənənlər sırasındadı. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında, qalanları isə paytaxtda yerləşir.

İlhamə ƏBÜLFƏT


Müəllif: