20 Aprel 2017 11:20
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının bu il Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) ödəyəcəyi haqqın məbləği onların ötən ilin yekunundakı maliyyə göstəriciləri əsasında müəyyən ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Report”a Palatanın Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov məlumat verib.

Xatırladaq ki, ötən gün qüvvəyə minmiş qaydalara görə, aktivlərinin həcmi 1 mlrd. manatdan çox olan banklar 800 min manat, aktivlərinin həcmi 500 mln. manatdan 1 mlrd. manata qədər olan banklar 500 min manat, aktivlərinin həcmi 500 mln. manata qədər olan banklar isə 300 min manat Palataya illik haqq ödəməlidir.

31 dekabr 2016-cı il tarixinə 32 yerli bankdan 5-nin aktivləri 1 mlrd. manatdan çox, 8-nin aktivləri 500 mln. manatdan 1 mlrd. manata qədər, 19-nun aktivləri isə 500 mln. manata qədərdir. Son nəticədə Azərbaycan bankları Palataya 13,7 mln. manat haqq ödəməlidir.

Bununla belə, R.Abbasov “Report”a bildirib ki, qaydalar 19 aprel 2017-ci ildən qüvvəyə mindiyi üçün banklar bu ilin qalan 8 ayının pulunu Palataya ödəyəcək. Bu isə təxminən 9,1 mln. manat təşkil edir.


Müəllif: