21 Aprel 2017 15:09
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son on ildə ölkədə minimum əmək haqqı 3,5 dəfə, orta aylıq əmək haqqı 3,3 dəfə artıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini İdris İsayev Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və BMT İnkişaf Proqramının nümayəndələrinin iştirakı ilə BƏT-in 2016-2017-ci illər üçün Qlobal Əmək Haqqı hesabatının təqdimatı zamanı deyib.

Nazir müavini bildirib ki, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə onun əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunvericiliklə qadağan edilir. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

İ.İsayev iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanlarının daha da artırılması yönündə tədbirləri diqqətə çatdırıb, son on ildə ölkəmizdə minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını, nəticə etibarilə yoxsulluq səviyyəsinin 6 faizdən, işsizlik səviyyəsinin isə 5 faizdən aşağı endiyini bildirib: “2016-cı ildə ölkədə muzdla çalışanların orta aylıq əmək haqqı 2015-ci illə müqayisədə 6,9 faiz artaraq 498,6 manat təşkil edib. Orta aylıq əmək haqqı neft sektorunda 2805 manat, qeyri-neft sektorunda 444 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 375 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 674 manat təşkil edib”.

Nazir müavini 2015-ci illə müqayisədə 2016-cı ildə işçilərin orta aylıq əmək haqqının sənayedə 14,9 faiz artaraq 900 manata, inşaat sektorunda 18,6 faiz artaraq 814 manata, kənd təsərrüfatı müəssisə və təşkilatlarında 4 faiz artaraq 256,6 manata çatdığını diqqətə çatdırıb. Əmək haqqının əhalinin gəlirlərinin formalaşmasında və məcmu istehlakın stimullaşdırılmasında mühüm rol oynadığını qeyd edən İ.İsayev bildirib ki, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz artaraq 45395 milyon manata çatıb. Gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 4710 manat və ya ayda 392,5 manat təşkil edərək 7,5 faiz artıb.

Şəfiqə Nazimqızı


Müəllif: