15 May 2017 21:13
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karta görə hesabların bağlanması doğru addım deyil.Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, biznes kartlarında vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər çətinliklər yaradıb: “Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sadələşdirilmiş vergi subyekləri üçün 15 min manat, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi aylıq olaraq 30 min manatdan artıq vəsaitin nağdlaşdırılması mümkün deyil.

Karta görə hesabların bağlanmasını doğru addım hesab eləmirəm. Çünki regionlarda sahibkarlar vəsaitlərini kartlar vasitəsi ilə ödəyirlər. Bu da regionlarda olan şirkətlər, təşkilatlar üçün olduqca vacibdir”.

Vüqar Bayramov bildirib ki, aylıq nağdlaşdırma ilə bağlı qadağalar iş adamlarının illik dövriyyəsinə uyğunlaşdırılmayıb: “250 min manat illik dövriyyəsi olan şirkət ilə dövriyyəsi 25 milyon manat olan biznes subyekti üçün limitlər eynidir. Hər ikisi ayda ən çoxu 30 min manat nağdlaşdıra bilər. Halbuki bu limitlər dövriyyə ilə
əlaqləndirilməli idi. Məsələn, limitlər 1 milyon manatadək, 1-5 milyon, 5-10 milyon və 10 milyon manatdan artıq dövriyyələr üzrə fərqləndirilməli idi”.

Ekspert qeyd edib ki, limitlərin tətbiqi banklar prosesə hazır olduqdan sonra həyata keçirə bilər: “Apardığımız monitorinqlər göstərir ki, indiki məqamda praktik olaraq tətbiq edilən limitlər bankların infrastrukturunun mövcud səviyyəsi üçün uyğunlaşmır. Hələ onlar bu limitlərin tətbiq edilməsinə hazır deyil. İnfrastruktur limit tətbiqinə hazır olduqdan sonra bu sistemi həyata keçirmək olar. Bəzi banklarda hətta limitlər daxilində də vəsaitlərin nağdlaşdırılmasına imkan verilmir. Dövlət büdcəsi vəsaiti üçün aylıq 5 min manatlıq limit tətbiq edilir. İctimai təşkilatlar onların hesabına köçürülən pullardan istifadə edə bilmirlər. Banklar plastik kartın limitlərini məhdudlaşdırır ki, bu da biznesin inkişafına mənfi təsir göstərir”.

Vüqar Bayramov hesab edir ki, çətinlikləri yoluna qoymaq üçün limitlərin tətbiqi əsaslandırılmış yanaşma ilə edilə bilər: “Vəsaitin mənbəyi, sahibkarlıq fəaliyyətinin növü, məqsədi, iqtisadiyyatın mövcud strukturu, qadağaların dövriyyə ilə əlaqələndirilməsi kimi meyarlara əsaslanan mexanizmlərin tətbiqinə ehtiyac var. Yaxşı olardı ki, 2017-ci ildə nağdlaşdırma ilə bağlı limitlər dövlət vəsaitlərindən istifadəyə tətbiq edilsin və bu prosesə hazırlıq üçün ən azı biznesə 1 il vaxt verilsin”.

Ekspert Samir Əliyev deyir ki, bu prosesi həyata keçirmək üçün nağdsız dövriyyənin həcmi artmalıdır: “Bu, çox vacib şərtdir. Şəffaflığın qorunması, dövlətin maliyyə axınlarına nəzarət edilməsi baxımdan... Azərbaycanda bu addım atılması üçün müəyyən baza olmalıdır. Çünki bizdə bəzi şirkətlərin qeyri-nağd ödənişlər üçün təcrübələri
azdır. İndiki dövrdə bu, sərt addımdır”.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Daha dəqiqi, banklara şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılmasının tövsiyə olunduğu bildirilir. Bu, 16 dekabr 2016-cı il tarixli “Nağdsız hesablaşmalar haqqında” Qanunu "Nağdsız hesablaşmalar haqqında" qanunun icrasından irəli gəlir.

İlhamə ƏBÜLFƏT


Müəllif: