20 May 2017 18:01
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərləri və Goranboy rayonundan olan vətəndaşları qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda nazir Şahin Mustafayev vətəndaşların müraciətlərini dinləyib, müraciətlərdə qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisəsinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi, sosial və sair məsələlərlə bağlı müraciət ediblər.

Eyni zamanda qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, onların, heyvandarlıq, meyvəçilik, üzümçülük, turizm və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstərişlər verilib.


Müəllif: Səxavət