14 İyun 2017 14:01
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

FED bu il iki dəfə faiz dərəcəsini artıra biləcəyi ilə bağlı ehtimalın çox güclü olduğunu öncədən anons etmişdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli FED-in iki günlük yığıncağını şərh edərkən deyib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) dünən və bugünkü iclaslarının yekununda balansını azaldacağı barədə açıqlamalar verəcəyi gözlənilir. Balansın azaldılması isə dollar kütləsinin bazardan yığılması, faizlərin artması deməkdir. Bu qərarın dünya maliyyə bazarlarına mənfi təsir edəcəyi ehtimal olunur.

İqtisadçının sözlərinə görə, FED-in bu qərarı dollar indeksinin yüksəlməsinə səbəb olacaq:

“Çox güman ki, bu gün qərar veriləcək və uçot dərəcəsi 25 faiz artacaq. FED-in ya sentyabr, ya da oktyabr ayında keçirilən iclaslarında ikinci dəfə faiz artımı ilə bağlı qərar veriləcək.

Təbii ki, dolların digər valyutalara nisbətən bahalaşması ətraf ölkələrə, eləcə də Azərbaycana təsir göstərdiyinə görə manatın zəifləyəcəyi ehtimalı yüksələcək. Amma manat bu prosesə həmin an reaksiya verməyəcək. Çünki Azərbaycanda bazar iqtisadiyyatının əsas elementləri olan valyutalararası birja gündəlik fəaliyyət göstərmir. Həftədə iki dəfə hərrac keçirilir, hərrac da Mərkəzi Bankın nəzarəti altında baş tutur. Buna görə də FED-in qərarlarının Azərbaycan maliyyə bazarına birbaşa təsirini gözləmirəm”.

Ekspert əlavə edib ki, dünyada dolların bahalaşması həmişə neftin ucuzlaşmasına səbəb olur:

“Son 15 gündə neft təqribən 10 faizə yaxın dəyər itirib, 54 dollardan 48 dollara düşüb. FED-in yeni qərarından sonra neftin daha da ucuzlaşması gözlənilə bilər ki, bu da Azərbaycanın valyuta gəlirlərinə birbaşa təsir göstərir.

Daha çox payız aylarında manatla bağlı müəyyən qəaraların verilməsi ehtimalı var. Kəskin devalivasiyanın olması ehtimalı isə sıfıra yaxındır. Mərkəzi Bank da, hökümət də bunu istəmir və bunu etməyəcək. Düşünürəm ki, dolların kursu 2 manatı keçməsə də, 170-190 civarında dəyşikliklər olacaq”.


Müəllif: Şəfiqə Nazimqızı