22 İyun 2017 08:17
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftin birdən-birə ucuzlaşması bazardakı qeyri-stabillikdən xəbər verir.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

İqtisadçının sözlərinə görə, neft qiymətlərinin 50 dollardan aşağı olması bazar üçün elə də qeyri-adi hal deyildi: “Çünki bir çox neft emalı zavodları mövsümi təmirə dayanır və bundan əvvəl lazımi ehtiyat əldə edirlər. Hazırda bazarda kifayət qədər neft məhsulları var və neftə tələbat böyük deyil. Hasilatın da dünyada bir qədər artması ümumi qiymətləri yavaş-yavaş aşağıya doğru aparır”.

Ekspert bildirib ki, neft qiymətlərinin birdən-birə 46 dollardan aşağı düşməsinin tamam başqa səbəbləri olub: “Bu, bazar üçün ciddi siqnal və şok xarakteri daşıyır. Çünki ötən gün “Wintershall AG” şirkətinin Liviyada 2 yataq üzrə müqavilə imzalaması treyderlər arasında böyük təşvişə səbəb oldu. Bununla Liviya son dörd illik fasilədən sonra hasilat həcminə görə ən yüksək həddə gəlib çıxa bilər.

Həmçinin Nigeriyada hasilat artır. Bu iki ölkə OPEK-ə daxil olsa da, OPEK-in neft hasilatının azaldılması ilə bağlı qəbul etdiyi qərarlar onlara şamil olunmur. Ona görə də bazar burada hasilatın artımı perspektivlərinə belə kəskin reaksiya verir”.

İlham Şaban qeyd edib ki, nəticə etibarı ilə dünəndən başlanan qırmızı xətt bu gün də davam edir və neftin qiymətləri hələlik enməkdə davam edir.


Müəllif: İlhamə Əbülfət