13 İyul 2017 12:34
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisi iyulun 15-dən yay tətilinə çıxır.

APA-nın məlumatına görə, parlamentin məzuniyyəti avqustun 30-da başa çatır.

Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

Builki məzuniyyət müddətində sədrdən sıravi deputata qədər hər kəsə iki aylıq vəzifə maaşı miqdarında vəsait veriləcək.

Hazırda Milli Məclisin sədri 2250 manat, sədrin birinci müavini bunun 90 faizi, digər müavinlər 85 faizi, komitə sədrləri 80 faizi, komitə sədrlərinin müavinləri 75 faizi, qalan deputatlar isə 70 faizi qədər maaş alırlar. Eyni zamanda onlara maaşlarından əlavə, maaşlarının 25 faizi qədər vergi tutulmayan vəsait ödənilir.

Qeyd edək ki, “Deputatın statusu haqqında” qanuna görə, vitse-spikerlərin, komitə sədrlərinin (müavinlərinin) və deputatların maaşları spikerin maaşına əsasən hesablanır.

Parlamentin payız sessiyası sentyabrın 30-da başlayacaq.


Müəllif: Teleqraf.com