16 Avqust 2017 22:23
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ rayonunda 21 min 47 hektar sahədə taxıl əkilib ki, onun da 16262 hektarını buğda, 4785 hektarını isə arpa təşkil edib. Bu günlərdə sahələrdə taxıl biçini başa çatdırılıb və ümumilikdə 68 min 588 ton məhsul tədarük olunub. Məhsuldarlıq hər hektar üzrə orta hesabla 32,1 sentiner təşkil edib.

Teleqraf.com xəbər verir ki, rayonda torpaq mülkiyyətçiləri tərəfindən bu il 613 hektar sahədə kartof, 854 hektar sahədə tərəvəz bitkiləri əkilib. İndiyədək həmin sahələrdən 1440 ton tərəvəz, 1331 ton kartof istehsal edilib və məhsul toplanışı davam etdirilir.

Bu il rayonda kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda xeyli yenilik tətbiq edilib. Belə ki, ərzaq bitkilərinin əkini artırılıb, bu il ilk dəfə olaraq 16,5 hektar sahədə qarabaşaq əkilib və 24 ton məhsul tədarük olunub. Həmçinin, rayonda ilk dəfə olaraq 26 hektar sahədə şəkər çuğunduru və bir hektar sahədə çəltik əkilib. Heyvandarlığın inkişafını nəzərə alan fermerlər yemə olan tələbatın ödənilməsi üçün boş və istifadəsiz qalan torpaqları dövriyyəyə cəlb etməklə yem bitkilərinin əkin sahəsini xeyli genişləndiriblər.

Bundan əlavə, rayonda 6854 hektar meyvə bağı və 509 hektar üzüm plantasiyası mövcuddur. Hazırda meyvə ağaclarına və üzüm tənəklərinə aqrotexniki qulluq edilir, yaxın günlərdə məhsul yığımına start veriləcək.

/Azərtac/


Müəllif: Teleqraf.com