17 Avqust 2017 15:15
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci yarısında ölkəmizin ticarət dövriyyəsinin həcmində artım müşahidə olunub. Bu dövrdə 737,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 26,8 faiz çoxdur: “Onu da qeyd edim ki, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar prezident İlham Əliyevin iqtisadi siyasətinin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır. Qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır”.

Komitə sədri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur: “Belə ki, bu yöndə geniş infrastruktur layihələri həyata keçirilib və yerli istehsalın inkişafı üçün münbit şərait yaradılıb. Ölkəyə valyuta gətirən ixracyönümlü yerli istehsalın genişlənməsinin sürətləndirilməsi məqsədilə dövlət tərəfindən konkret layihələrə yönəldilən infrastruktur dəstəyi yerli istehsalın daha sürətli artımına öz töhfəsini verməkdədir. Yeni şəraitdə həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı inkişafına stimul yaradıb”.


Müəllif: Nərgiz