2 Oktyabr 2017 13:08
1 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün banklar 28-30 faizlə insanlara kredit verir. Keçmiş kreditlərin həcmi azalmaqdansa daha da artır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, bununla bağlı bank rəhbərləri ilə müzakirələr aparılmalıdır:

“Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüf olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu, müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, nəyə görə kredit faizləri həddən artıq yüksəkdir?”

Millət vəkili onu da vurğulayıb ki, banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir: “Bunu necə siləcəklər? Perspektiv varsa, biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Gəlin, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər ki, bu proses hara gedir. Onların bu istiqamətdə fikirlərini alaq”.

Millət vəkili bildirib ki, artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb:

“Ötən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir”.


Müəllif: Cavad