9 Oktyabr 19:09

Almaniyada keçirilən “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi və burada nümayiş olunan məhsullar ziyarətçilərin və tədbirdə iştirak edən xarici şirkətlərin marağına səbəb olub.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərimizin keyfiyyətli və rəqabətqabiliyyətli məhsulları, ölkəmizin biznes və investisiya imkanları barədə geniş məlumat verilib, çap materialları paylanıb.

Sərgi çərçivəsində Monqolustan, İsveçrə və Rumıniyaya nar, qurudulmuş meyvə, qənnadı məmulatları ixracına dair danışıqlar aparılıb, bir sıra sifarişlər qəbul edilib. Azərbaycanın nar istehsalçısı olan “Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb.

Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib.

Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron biskvit” MMC isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb.

Qeyd edək ki, oktyabrın 11-dək davam edəcək “ANUGA” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavilionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunur.


Müəllif: Səxavət