11 Oktyabr 19:09

“2017-ci il ölkəmiz üçün iqtisadi baxımdan uğurlu il oldu. Növbəti il bunun nəticələri hiss ediləcək, dövlət büdcəsində artım olacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, bu il həyata keçirilən layihələr öz bəhrəsini verib:

“Ölkə Prezidenti də 9 ayın yekunlarına həsr olunmuş konfransda ilin iqtisadi göstəriciləri ilə bağlı fikirlərini bildirdi. 2017-ci ildə iqtisadi artımlar qeydə alındı, iqtisadi islahatlar öz bəhrəsini verdi. 2018-ci ildə artım daha çox hiss olunacaq. 2016-cı ildə Prezidentin imzaladığı “Strateji Yol Xəritə”lərinə uyğun olaraq bu il vacib işlər görülür. Düzdür, onun icrasında müəyyən qurumlar tərəfindən nöqsanlar da var. Cənab Prezident də Strateji Yol Xətirələrində göstərilən məqamlara əməl edilməsi barədə müəyyən qurumlara ciddi xəbərdarlıq edib”.

Millət vəkili bildirib ki, 2017-cı ildə kənd təsərrüfatının inkişafına da böyük diqqət oldu.

“Bu sahəyə hələ 2016-cı ildən əlavə vəsaitlər ayrılmışdı. Ölkə başçısının baramaçılıq, pambıqçılıq və tütünçülüyün inkişafına diqqət yetirməsi, bu sahələrdə inkişafa səbəb oldu. İlk dəfə olaraq Azərbaycanda ixrac idxalı üstələdi. Bu il Azərbaycanda 7 faizə yaxın müsbət ticarət saldosu yarandı. Bu çox böyük inkişafdır. Azərbaycanda növbəti ildə də iqtisadi artım gözlənilir. Bir sözlə, 2017-ci ilin 9 ayın yekunlarını müsbət qiymətləndirirəm”

Millət vəkili onu da vurğulayıb ki, “Əsrin müqaviləsi”nin yenilənməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi də iqtisadi artımla bağlı ümidləri artırır:

“Bakı-Tbilisi-Qars dəmir yolu oktyabrın 30-da istifadəyə veriləcək. Bu dəmir yolunun istifadəyə verilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Faktiki olaraq bu, Avropa ilə Asiyanı birləşdirən körpüdür. Belə böyük layihələrin hazırlanması siyasi baxımdan Azərbaycanın müstəqilliyi üçün böyük əhəmiyyət daşıyır. “Əsrin müqaviləsi”nin uzadılması da vacib məsələdir. Düzdür, müqavilə müddəti 2024-cü ildə bitəcəkdi. Müqavilənin uzadılması Azərbaycana əlavə investisiya qoyuluşuna imkan yaradacaq. Bu müqavilə nəticəsində 40 milyard dollar yaxın investisiya qoyulacaq, Azərbaycan bundan böyük gəlir əldə edəcək. Azərbaycan Dövlət Neft Şirkəti 75 faiz mənfəət götürəcək. Hər halda rəqəmlər bizim xeyrimizədir. Bu layihə də müstəqilliyimiz üçün böyük əhəmiyyət daşıyır”.


Müəllif: Teleqraf.com