21 Oktyabr 2017 15:20
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) oktyabrın 16-da Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Dağıstanda Azərbaycandan ixrac edilən 33 ton pomidorun idxalına icazə verilməməsi barədə məlumatla bağlı açıqlama yayıb.

Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Rusiya Baytarlıq Xidməti DFNX-yə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşaiyətedici sənədi olan fitosanitar sertifikatının əlavə bəyannamə bölməsində məhsul istehsalçısının adı və ünvanının qeyd edilməsi tələbini qoyub:

"Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin bu müraciəti Dövlət Xidmətinə 2017-ci il oktyabrın 17-də daxil olub. Sözü gedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi ilə əlaqədar sərhəddə saxlanılıb.

Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiyaya ixrac edilib

Gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədi ilə Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi istehsalçıların diqqətinə çatdırılıb".


Müəllif: Teleqraf.com