24 Oktyabr 2017 10:21
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kərkük artıq İraq silahlı qüvvələrinin nəzarətindədir. O cümlədən Kərkük ətrafındakı neft yataqları da tamamilə rəsmi Bağdadın nəzarətinə keçib.

Bunu Teleqraf.com-a açıqlamasında “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. O qeyd edib ki, bunun nəticəsində İraq Kürdüstanının Kərkük-Ceyhan neft kəməri vasitəsilə ixrac olunan neftdən əldə etdiyi gəlir əldən çıxıb: “Hansı ki, bu məsələ 2009-cu ildə Ərbillə Bağdad arasında imzalanmış sazişlə tənzimlənirdi. Həmin saziş əsasında Şimali İraqda hasil olunan neft Kərkük-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılırdı. Hasil olunan neftdən əldə olunan gəlir rəsmi Bağdadla Şimali İraq hökuməti arasında bölüşdürülürdü. Həmin gəlirin demək olar, 75 faizi İraq hökumətinə çatırdı. Bundan əlavə də Ərbil İraq büdcəsindən Kürdüstan muxtariyyatının inkişafı üçün əlavə vəsait alırdı. Ancaq 2011-ci ildə “ərəb baharı”nın başlaması İraq Kürdüstanı ilə Bağdad arasında əldə olunmuş anlaşmanın pozulmasına gətirib çıxardı. Faktiki olaraq, Kürdüstan özünün neft gəlirlərini Bağdada demək olar ki, vermirdi”.

İ.Şaban qeyd edib ki, Kərkük neftinin Türkiyəyə ixracı ilə bağlı razılaşmanı Ərbil Ankara ilə özü düzüb-qoşmuşdu: “Ancaq reallıq ondan ibarət idi ki, orda nə qədər neft çıxarıldığı, gündəlik hasilatın nə qədər olduğu yalnız təxmin edilirdi. Real göstərici yox idi. Heç zaman rəsmi statistika açıqlanmırdı. Bu, ona görə edilirdi ki, Bağdad Şimali İraq hökumətinin neft gəlirləri ilə bağlı sonradan hansısa hesablama apara, yaxud Ərbilə qarşı hansısa iddia ortaya qoya bilməsin”.

Ekspert hərbi əməliyyatlar səbəbindən həmin yataqlardan hasilatın dayandığını vurğulayıb: “Bu durğunluğun nə qədər davam edəcəyini zaman göstərəcək. Çünki boru kəmərinin təhlükəsizliyi məsələsi var. Belə ki, Kərkük nefti Şimali İraq ərazisindən keçən boru kəməri vasitəsilə Ceyhan limanına çatdırılmalıdır. Əgər hasil edilib kəmərə yüklənmiş neft sonradan partladılacaqdsa, onu hasil etməyin mənası nədir? Ona görə də Kərkükdə baş verən hadisələr dərhal neftin qiymətinə təsir etdi. Faktiki olaraq neftin qiyməti bir günün içində 56-dan 58 dollaradək sıçrayış etdi”.

Bununla belə İ.Şaban bildirib ki, Kərkük neftinin həcmi dünya bazarında neftin qiymətinə təsir edə biləcək həcmdə deyil: “Düzdür, BP-nin baş icraçı direktoru Robert Dadli də Kərkükdə baş verən hadisələrin neftin qiymətinə müəyyən qədər təsir etdiyini bildirib. Çünki istənilən halda gündəlik 0,5 milyon barrel həcmində hasilat bazardan çıxarılır. Bu, sözsüz ki, bazara təsirsiz ötüşməyəcək. OPEK neft ixrac edən ölkələrin gündəlik hasilatı bu qədər azaltması üçün nə qədər fəallıq göstərir. Ancaq bir hərbi əməliyyat nəticəsində hasilat özü avtomatik olaraq azalır. Bununla belə mövcud durum uzunmüddətli xarakter daşıya bilməz. Ümumiyyətlə, neftin faktiki real qiyməti hazırkı qiymətdən bəlkə də 5 dollar aşağıdır. Siyasi, klimatik faktorlar, OPEK-in noyabrın sonunda keçiriləcək iclası ilə bağlı verilən pozitiv bəyanatlar neftin qiymətini yüksək saxlamağa sövq edən amillərdir. Ancaq tələb-təklif prinsipindən çıxış etsək, neftin qiyməti bəlkə də 50 dollar ətrafındadır. Çünki bazarda kifayət qədər neft var”.


Müəllif: Səxavət HƏMİD