14 Noyabr 2017 00:54
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eşitmə və danışma qüsuru olan şəxsin vergi orqanında uçota alınıb-alınması məsələsinə Vergilər Nazirliyi aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, Vergilər Nazirliyinin məlumatında
deyilir ki, hər kəsin öz imkanlarından, qabiliyyət və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq şəxsin Konstitusiya ilə təsbit olunmuş hüququdur:

“Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni 18 yaşına çatdıqda tam həcmdə əmələ gəlir.

Müvafiq olaraq yetkinlik yaşına çatmış şəxs vergi uçotuna durmaq məqsədi ilə müraciət etdikdə, müəyyən fiziki qüsürların olmasına baxmayaraq vergi orqanı həmin şəxsi vergi uçotuna alır”.

Məlumatda o da qeyd edilib ki, mülki qanunvericiliyə uyğun olaraq ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər:

“Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər”.


Müəllif: İlhamə Əbülfət