22 Noyabr 2017 18:39
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Büdcədə sosial xərclərinin azaldıldığı bildirirlir. Lakin heç bir azalma qeydə alınmaylıb ən azı cari ilə səviyyəsində saxlanılıb. Bəzi sahələrdə artırılıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı millət vəkillərinin səsləndirdiyi fikirlərə cavab verərkən deyib.

Nazir millət vəkilləri tərəfindən tələbələrə verilən təqaüdlərin azalması barədə fikirlərə də münasibət bildirib:

“Biz azalma ilə bağlı rəqəmlərlə tanış deyilik. Əksinə artım olub. Təqaüdlərin verilməsin də də yenilik tətbiq edilib. Təkcə, dövlət sifarişi ilə təhsil alanlara deyil, ödənişli təhsil alan yaxşı oxuyan tələbələrə də təqaüd verilir. Əmək pensiyaları haqqında qanunvericiliyə uyğun olaraq pensiyaların indeksləşdirilməsi zamanı artım da nəzərdə tutulub”.

Nazir növbəti il dövlət büdcəsindən "Qaçqınkom"a 245 milyon manat nəzərdə tutulduğunu deyib:

“Bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Bununla yanaşı 200 milyon manat vəsait Neft Fondundan məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, həmçinin Dünya Bankından alınan vəsait hesabına məcburi köçkünlərin məskunlaşdıqları mənzillərin təmiri həyata keçiriləcək”.

Nazir bildirib ki, millət vəkilləri tərəfindən qaldırılan Rəşt-Astara yolunun çəkilişi işləri aparılır: “Lənkərandan keçən Dəmiryolu ilə bağlı qaldırılan məsələyə gəldikdə, bununla bağlı dövlət başçısı tapşırıq verib. Dəmiryolunun köçürülməsi üçün hazırlıq işləri görülür. Həm İqtisadiyyat Nazirliyi, həm də “Azərbaycan Dəmir Yolları” QSC bununla məşğul olur.
Avtomobil yollarının tikintisi ilə bağlı bəzi suallara indi cavab verə bilərəm, lakin bir sıra məqamların araşdırılmasına ehtiyac var. Bakıətrafı yollarla bağlı dövlət başçısı tapşırıq verib. Bu işlər də növbəti ildə həyata keçiriləcək”.

S.Şərifov dövlət idarəetmə xərclərinin yüksək olması ilə fikirlərə münasibət bildirərək, məsələyə rəqəmlərə konkret baxmağı tövsiyə edib:

“Hesab etmirik ki, dövlət idarəetmə xərcləri çox yüksəkdir. 2017 –ci ildə ölkə başçısının bununla bağlı tapşırığına əsasən, müəyən işlər görülüb. Bu işlər çərçivəsində 17 milyon manatdan çox vəsaitə qənaət olunub. Lakin bununla yanaşı məsələ ilə bağlı fikir mübadiləsi aparmağa hazırıq. Diplomatik nümayəndəliklə bağlı xərclərə gəldikdə, bu da dövlət idarəetmə xərclərində əks olunur. Bu məsələdə prioritet təşkil edən bölgələrdə səfirliklərdə ştatlar saxlanılır. Digər məsələlərdə qarşılıqlı prinsiplər əsas götürülür. Elə dövlətlər var ki, onların birbaşa Azərbaycanda diplomatik nümayəndəlikləri yoxdur. Buna görə də diplomatların sayında müəyyən ixtisarlar olub. Hərbi attaşələrdə də müəyyən ixtisarlar olub. Bu da hərbi əməkdaşlıq nəzərə alınaraq həyata keçirilib”.

Nazir icbari tibbi sığorta ilə bağlı polit layihənin nəticələrinin təhlil edildiyini bildirib: "İki rayonda artıq pilot layihə həyata keçirilib. Növbəti ildə daha iki rayonda bu işlərin davam etdirilməsi nəzərdə tutulur. Səhiyyə sahəsində xərclərin əhalinin artımı ilə uzlaşdırılması təklif edilmişdi. Biz də xərclərin artırılmasını nzərədə tuturuq. Lakin xərclər ilk növbədə gəlirlərlə uzlaşdırılmalıdır. Çünki bu zaman artım çox qısa müddətli olar və mənfi fəsadlar yarada bilər. Optimal həddə xərcləri tənzimləməliyik. Qeyri-neft sektorunda gəlirlər artsın ki, xərclər də çoxaldılsın. Ona görə də neft sektorundan əldə edilən gəlir ehtiyat saxlanılır ki, çətin durumda ondan istifadə edilsin. Digər yol isə bəzi sahələrdə xərcləri azaldıb, prioritet sahələrə yönləndirə bilərik”.

Nazir millət vəkillərinin bölgələrin qazlaşdırılması ilə bağlı suallarına aidiyyatı qurumun cavab verə biləcəyini bildirib: “Lakin deyə bilərəm ki, cari ildə qazlaşma ilə bağlı Dövlət Neft Şirkətinə 100 milyon manat vəsait ayrılıb. Növbəti ildə ayrılacaq məbləğ bundan az olmayacaq”.


Müəllif: Cavad