23 Noyabr 2017 09:15
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqtisadi prosesləri nəzərə almadan növbəti illər üçün nə iqtisadi, nə də maliyyə göstəriciləri üzrə düzgün proqnozlar tərtib emək mümkündür.

Teleqraf.com xəbər verir ki, bunu sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, Azərbaycan dünya iqtisadi müstəvisinin bir parçasıdır, iqtisadiyyatımız isə neftdən asılılıdır:

“Bu səbəbdən biz ən azı dünyada gedən iqtisadi prosesləri daha yaxından izləməyə borcluyuq. 2014-cü ilin ortalarından etibarən neftin qiymətində baş verən kəskin azalmalar – qiymətlərin daha çox siyasi səbəblərdən aşağı düşməsi sübut etdi ki, dünya iqtisadi müstəvisində baş verən proseslər heç də həmişə iqtisadi amillərlə bağlı olmur. Bu səbəbdən yaxın 3 il ərzində hadisələrin necə inkişaf edəcəyinə dair indidən dəqiq proqnoz vermək mümkün deyil. Bəs belə olan halda ölkənin iqtisadi və maliyyə durumunu sabit saxlamaq, onu dünya iqtisadi müstəvisində baş verə biləcək təlatümlərdən sığortalamaq üçün nə etmək lazımdır?”

F.Yusifov bu suala cavab olaraq bildirir ki, yol birdir və bu yol ölkə iqtisadiyyatının real sektorunun sürətli inkişafını təmin edən addımlardan keçir:

“Hesab edirəm ki, qlobal iqtisadi müstəvidə baş verə biləcək “şoklardan” sığortalanmağın ən doğru yolu budur. Hökumətin bu istiqamətdə müəyyən etdiyi strategiya təqdirəlayiqdir. İndi əsas məsələ bu strategiyanı mümkün qədər tez və səmərəli reallaşdırmaqdan ibarətdir. Bir sözlə, bu yolda indi daha kəskin addımların atılması zəruridir. Neftin qiymətinin son dönəmlərdə artması bizi qətiyyən arxayınlaşdırmamalıdır.

Bu qiymətlərin artımından əldə olunan vəsaitlər ilk növbədə qeyri-neft sektorunun inkişafını təmin edəcək layihələrin reallaşdırılmasına yönəldilməlidir. Biz real sektordan ixracımızı dəfələrlə artırmaq hesabına ölkə iqtisadiyyatının və onun maliyyə durumunun neftdən asılılığını optimal həddə endirə bilərik. Hesab edirəm ki, növbəti illərdə real sektorun inkişaf sürəti rekord hədlərdə təmin edilməlidir”.

Sabiq nazir bildirib ki, 2017-ci ildə qeyri-neft sektorundan ixracın ötən ilin eyni göstəricilərindən 17 faiz artıq olacağı gözlənilir:

“Bu, yaxşı artım sürətidir. Lakin unutmamalıyıq ki, bu gün real sektordan ixracımız ümumi ixracımızın 10 faizindən çox deyil. Müqayisə üçün deyim ki, nefti-qazı olmayan Belarusun 2017-ci ildə ixracının həcmi 28 milyard ABŞ dollarına yaxın təşkil edəcək.

Belarusun ərazisi bizim ərazimizdən 2,4 dəfə böyük olsa da, əhalisinin sayı bizdəkindən yarım milyon nəfərə qədər azdır. Orta hesabla Belarus 15-20 gün ərzində bizim qeyri-neft sektorundan bir il ərzində ixrac edə biləcəyimiz qədər məhsul ixrac edir”.

Ekspertin fikrincə, dünyada gedən iqtisadi titrəyişlər bir daha göstərir ki, real sektorun sürətli inkişafını təmin edəcək bütün rıçaqların işə salınmasının zamanı çatıb:

“Yaxın illərdə neftin qiyməti ilə bağlı hansı proseslərin gedəcəyinə heç kim təminat verə bilməz. Artıq son bir neçə ildə siyasi oyunlar fonunda neftin qiymətinin birdən-birə necə kəskin azaldığının və bu səbəbdən iqtisadiyyatı neftlə bağlı olan ölkələrin iqtisadi proqnozlarının necə alt-üst olduğunun canlı şahidi ola bildik”.


Müəllif: Sәxavәt