25 Noyabr 2017 22:29
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iş adamlarını bir araya gətirən yeni platforma yaranıb.

Teleqraf.com xəbər verir ki, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) adlı təşkilat iyunun 1-dən ölkəmizdə fəaliyyətdədir. Dərnəyin Azərbaycan şöbəsinin İdarə Heyətinin sədri Abdurrahman Uzun Azərbaycan təmsilçiliyinin 35 üzvü olduğunu və üzv şirkətlərin inşaat, maliyyə, xidmət, tekstil, kənd təsərrüfatı, mətbəə sektorunda fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu ilin sonunda bu şirkətlərin sayının 100, üç ilin sonunda isə 500 üzvə çatdırılması hədəflənir.

Abdurrahman Uzun MÜSİAD-Azərbaycanın 2018-ci ildə biznesmenləri bir araya gətirib biznes ortaqlığını yaratmaq və fəaliyyəti inkişaf etdirmək məqsədi ilə 4 fərqli ölkəyə işgüzar səyahət təşkil olunacağını əlavə edib. Dünya iqtisadiyyatında böyük rəqabət olduğunu deyən A.Uzun rəqabətə davam gətirmək üçün birlikdə yeni müasir layihələr həyata keçirilməsi zərurətindən danışıb:

“Türkiyə və Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə layihələr həyata keçirilməsini planlaşdırırıq. Türkiyə iqtisadiyyatı müxtəlif vaxtlarda xarici iqtisadi şokların təsirinə məruz qalıb və türkiyəli iş adamları iqtisadiyyatın mənfi təsirlərinin azaldılmasının yollarına bələddirlər. Xarici iqtisadi təhlükələrin qarşısını sakit şəkildə, stessə girmədən almaq mümkündür. Böhran qorxuducu görünsə də, psixoloji olaraq bu şokdan yaxa qurtarmaq lazımdır. Çünki mütləq yeni fürsətlər yaranır. Biz azərbaycanlı iş adamları ilə öz təcrübələrimizi bölüşə bilərik”.

A.Uzun bildirib ki, MÜSİAD-ın Azərbaycan şöbəsinin əsas məqsədi milli və beynəlxalq səviyyədə üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi gücləndirmək, ölkələrimizin inkişafına töhfə verməkdir. Onun sözlərinə görə, dərnəyin Azərbaycan şöbəsi sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, Azərbaycan iş adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətinin təşviq edilməsi istiqamətində bir sıra layihə və proqramlar reallaşdırmağı planlaşdırır: “Rəqabət şəraitində biz üçüncü ölkədə yeni modellər yarada bilərik”.

Qeyd edək ki, MÜSİAD 9 may 1990-cı ildə İstanbulda qurulan iş adamları dərnəyidir. Dərnək 68 ölkədə fəaliyyət göstərən 181 şöbəsi, 11 mindən çox üzvü, 50 mindən çox müəssisəsi təmsil edir və 1 600 000 işçini işlə təmin edir.

MÜSİAD Azərbaycan qısa zaman ərzində Harvard Business Review kitablarını Azərbaycan dilinə tərcümə edib.


Müəllif: Nərgiz, Səxavət