14 Dekabr 2017 13:58
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın ən çox müzakirə etdiyi mövzulardan biri də bitkoindir. Məsələni bilən-bilməyən, anlayan-anlamayan – hamı bitkoini müzakirə edir.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

O qeyd edib ki, mediaya dəfələrlə verdiyi açıqlamalarında bu yatırıma inanmadığını, bunun “şar”, gözəl düşünülmüş, gözəgörünməz, əla piar menecerləri olan qlobal piramida olduğunu deyib, bu gün də o fikirdədir:

“İqtisadiyyatın qanunlarına görə hər hansı bir malın – xidmətin dəyəri əsasən, iki faktora bağlıdır. Birinci, maya dəyəri, ikinci tələb-təklif münasibəti. Bitkoinin dəyəri tək spekulyativ xəbər axınına əsaslanır, ancaq süni tələb artışı ilə yüksəlir”.

N.Cəfərli bildirib ki, xəbər axını bitkoinin qiymətində həlledici rol oynayır:

“Bu “valyuta” tərəfdarları bitkoinin qiymət artımına haqq qazandıracaq səbəblərdən biri kimi onu misal gətirirlər ki, artıq müxtəlif məşhur brendlər ödəniş vasitəsi kimi bitkoin qəbul edirlər. Ən məşhur arqumentlərdən biri də 2017-ci ilin yayından etibarən məşhur “Lamborghini” şirkətinin öz avtomobillərini həm də bitkoinlə satdığı misalıdır”.

Ekspert qeyd edib ki, əslində məsələ çox sadə və dahiyanədir:

“Son bir ildə dünya mediasında keçirilən kontent analizə görə ən çox işlənilən 10 sözdən biri bitkoindir. Bu “valyutanın” adı keçən istənilən xəbər milyon dəfələrlə tirajlanır. “Lamborghini” şirkətinin illik media reklamı büdcəsi 20 milyon avrodur, şirkət həmin pula reklam çarxları və posterlər istehsal edib mediada yaymalıdır. Amma şirkətin ağıllı piar menecerləri “Lamborghini” avtomobillərinin bitkoinlə satışı haqqında qərar verir. Doğrudan da bir-iki avtomobili btkoinlə satır və nəticədə bu xəbər – “Lamborghini”nin adı keçən xəbərlər dünyanın minlərlə media orqanlarında yayılaraq yüz milyonlarla əhaliyə çatır. Əla gedişdir. Bütün brendlərin bitkoinlə satış haqqında verdikləri qərarlar məhz bu effektə hesablanıb. Reklam və piar dərsliklərinə düşəcək gedişdir, çox bəyəndim, amma bunun bitkoinə olan güvənlə aşağı-yuxarı heç bir əlaqəsi yoxdur”.


Müəllif: Səxavət Həmid