15 Dekabr 2017 12:44
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmasına ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, əvvəllər də təcrübə göstərib ki, Palatanın “axsayan bankları” müflis elan etməsi problemdən çıxış yolu deyil:

“Belə bankların sağlamlaşdırılmasına və konsolidasiya prosesinin dəstəklənməsinə ehtiyac var. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır. Hətta əmanəti bankdan götürməkdə belə çətinliklər yaranır. Təəssüf ki, xarici valyutada olan kreditlərə güzəştlərin verilməsi ilə bağlı təklifimiz qəbul olunmadığından problemli kreditlərin həcmində artımlar davam edir. Vətəndaşlarımız da əmanətlərini yerləşdirən zaman yüksək faizə deyil, bankın maliyyə imkanlarına diqqət yetirməlidirlər”.

Ekspertə görə, aparılan monitorinq və qiymətləndirmələr 8 bankın sağlamlaşdırılmasına ehtiyac olduğunu göstərir:

“Buna görə də, biz bir müddət öncə ABŞ təcrübəsindən istifadə edilərək problemli kreditlərin və aktivlərin dövlət tərəfindən alınaraq sağlamlaşdırılmasını təklif etdik. Belə ki, qlobal maliyyə böhranından sonra, 2008-ci ildə ABŞ-da İqtisadiyyatın Stabilləşməsi üzrə Fövqalədə Akt və buna uyğun olaraq da Problemli Aktivlərin Sağlamlaşdırılması Proqramı (TARP) qəbul edildi. 426 milyard dolların xərcləndiyi bu proqramda əsas məqsəd problemi aktivlərin satın alınması və sağlamlaşdırılması oldu. Təbii ki, proqramın problemi aktivlərin qiymətləndirilməsi, onların səhmləşdirilməsi kimi inzibati problemləri olsa da, bütövlükdə sözügedən təşəbbüs uğurlu oldu. Bu baxımdan, Azərbaycanda da Problemli Kreditlərin Sağlamlaşdırılması Proqramının (PKSP) qəbul edilməsi vacibdir. Bu proqram çərçivəsində kreditlərin re-struktruzasiyasının aparılması, onların dövlət tərəfindən satın alınaraq səhmləşdirilməsi və bazara çıxarılması, o cümlədən yeni güzəşt mexanizmlərinin müəyyələşdirilməsi mümkündür. Nəticədə bu, ABŞ-da olduğu kimi problemli kreditlər məsələsinin xeyili dərəcədə yumşalmasına, vətəndaşların banklardan borc asılılığının azalmasına, eləcə də bankların özlərinin sağlamlaşdırılmasına səbəb ola bilər”.


Müəllif: Şəfiqə