23 Yanvar 2018 10:49
4 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə tətbiq edilən yeni aksiz dərəcələri dizel yanacağına və yerli istehsal olan 92Aİ markalı benzinə aid deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə bu gündən yeni aksiz dərəcələri tətbiq edilməsini şərh edərkən deyib.

İqtisadçının sözlərinə görə, 1 ay öncə verilmiş qərardan məsələ məlum idi: “Qərar ölkəyə gətirilən “Super” və “Premium” markalı benzinlərə aiddir. Çox güman ki, onların qiymətində artım olacaq. Onsuz da son zamanlar həm “Super”, həm də “Premium” markalı benzinin qiymətində ciddi artım müşahidə olunur.

Zənnimcə, bu gün tətbiq edilən qərardan sonra “Super” və “Premium” markalı benzinlərin qiyməti bahalaşacaq. Bu, birbaşa iqtisadiyyata təsir edəcək amil deyil. Çünki nə daşımada, nə də kənd təsərrüfatı və ticarət dövriyyəsində bu markalı benzinlərlə işləyən avtomobillərdən istifadə edilir... Amma iqtisadiyyata təsir etməsə də, həmin benzindən istifadə edən avtomobil sahiblərinin cibinə əlavə xərc gətirəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında etdiyi dəyişiklik bu gün qüvvəyə minib.

Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb.


Müəllif: Şəfiqə Nazimqızı