2 Fevral 2018 23:11
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-dən 9-dək Moskvada “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, hər il təqribən 60 min ziyarətçinin qatıldığı sərgidə bu il 65 ölkədən 2000-dən çox şirkətin məhsullarının nümayiş olunacağı gözlənilir.

Sərgidə Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin Azərbaycana aid pavillionunda meyvə şirələri, müxtəlif növ şərablar və təbii mineral sular, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş etdiriləcək. Ümumilikdə, Azərbaycan “Prodexpo” sərgisində 25-dən çox şirkətlə təmsil olunacaq.

Bundan başqa, sərgidə Azərbaycanın tarixi və mədəni dəyərlərinin təbliğinə dair videoçarx nümayiş olunacaq.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğinə dair fərmanına uyğun olaraq, “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın vahid ölkə stendinin təşkili xərcləri dövlət tərəfindən qarşılanır.


Müəllif: Səxavət