12 Fevral 2018 12:27
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda illik bahalaşmanın kəskin azalaraq yanvar ayında 5,5%-ə düşməsi ölkəninn valyuta bazarında tarazlığın yaranması, milli valyutaya etibarın artması, idxalçı və istehsalçıların bununla bağlı gözləntilərinin özünü doğrultması ilə bağlıdır.

Bunu bugünkü mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun sərt konservativ pul siyasəti də qiymət artımının cilovlanmasında rol oynayıb: "2 illik fasilədən sonra ölkədə iqtisadi artım da baş verib və bu, daha çox qeyri-neft sektorunun hesabına olub”.

Baş bankirin sözlərinə görə, Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması Azərbaycan Mərkəzi Bankının (AMB) “üzən məzənnə” rejimindən imtina etməsi demək deyil: "AMB valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir. Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Odur ki, məzənnə siyasətində “üzən məzənnə” rejiminin tərkib hissəsi olan “aralıq rejim” tətbiq edilir. Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcəcə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.

AMB-nin sədri Elman Rüstəmov bildirib ki, dünya bazarında neftin qiymətinin dövlət büdcəsində proqnozlaşdırılmış 45 dollar/barel səviyyəsində qalması imkan verir ki, ölkənin tədiyyə balansı müsbət olsun, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları isə artsın:

“AMB-nin valyuta ehtiyatlarının artması üçün neftin qiyməti əsas amildir. Hazırda qiymət yüksəkdir. Üstəlik, yeni neft müqaviləsi ilə əlaqədar Azərbaycana bonusların da ödənilməsinə başlanılıb. Deyə bilərəm ki, 2018-ci ildə valyuta ehtiyatlarımızdakı artım 2017-ci ildəkindən az olmayacaq".

Elman Rüstəmov bildirib ki, ötən il bütün dünyada dəmir pulların həcmi artsa da, Azərbaycanda banklar həmin pulları iqtisadiyyata çatdırmaqda "tənbəllik" edir: "Banklar daşınma, çatdırılma xərclərini nəzərə alaraq, dəmir pullarla maksimum az işləyir. Baxmayaraq ki, ticarət sisteminin buna böyük ehtiyacı var. Hazırda Mərkəzi Bank ticarət şəbəkəsi ilə birbaşa, bankların iştirakı olmadan işləyir. Dəmir manatlıqlara gəlincə isə, iqtisadiyyat tələb edərsə, onlar dövriyyəyə buraxıla bilər”.

Nazir deyib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin yumşaldılması haqqında qərar qəbul edib. Bu qərara uyğun olaraq, dövriyyədə olan pul kütləsinin artırılması nəzərdə tutulub:

“Bundan sonra, not hərraclarında daha təmkinli olmağa çalışacağıq. Hərraclar vasitəsilə cəlb etdiyimiz vəsaitlərin bir hissəsini iqtisadiyyata qaytaracağıq və bu yolla iqtisadi aktivliyə kömək edəcəyik. Hazırda banklarda da kifayət qədər vəsait var, lakin kreditləşmə ilə bağlı problem mövcuddur”, - deyə AMB sədri vurğulayıb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında kriptovalyutalarla bağlı da Azərbaycan əhalisinə müraciət edib.

Nazir bildirib ki, son hadisələr kriptovalyutaların olduqca volatilliyi olan alət olduğunu göstərib:

"Düşünürəm ki, bu volatillik davam edəcək. Azərbaycan əhalisini diqqətli olmağa çağırıram. Bu, çox riskli əməliyyatdır. Çünki, burada nə tənzimləmə rejimi var, nə də buna cavabdeh olan hər hansı bir təşkilat. Bu məsələ ilə bağlı olduqca diqqətli olmaq lazımdır"./Report/


Müəllif: Teleqraf.com