13 Fevral 2018 14:43
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:19

Biz kəmiyyət etibarı ilə vergi yoxlamalarını azaldacağıq. Amma bu, o demək deyil ki, nəzarət zəifləyəcək.

Bunu Vergilər Nazirliyinin "Vergilər, şəffaflıq, inkişaf" adlı konfransda çıxış edən nazir Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət yaratdığı imkanlar qarşısında vergi ödəyicilərindən şəffaflıq tələb edir: "İkili mühasibatlığın aparılması, gölgə iqtisadiyyatı, vergidən yayınma yolverilməzdir. Biz bilirik ki, bunu bir günə, bir həftəyə, bir aya etmək mümkünsüzdür. Həmin prosesdə Vergilər Nazirliyi sizə dəstək verə bilər".

Nazir həmçinin deyib ki, rəhbərlik etdiyi qurum sözügedən halların qarşısını almaq üçün yalnız inzibati yollardan istifadə etməməlidir.

"Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq", - M. Cabbarov deyib.

O, rəhbərlik etdiyi qurumda islahatların davam etdiriləcəyini də qeyd edib: "Həyata keçirilməsinə başlanmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edir. Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artım üçün ən əlverişli şəraiti təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal öhdəliklərinin icrası asanlaşır. Və əksinə, iqtisadi böhran və ya durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət xəzinəsinə daxilolmaların təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birgə işləyərək Vergilər Nazirliyinin əli hər zaman iqtisadiyyatın nəbzi üzərində olacaq".

M.Cabbarovun sözlərinə görə, Vergilər Nazirliyi öz inkişafında böyük yol keçib, bu yolun həm müsbət, həm mənfi səhifələri olub: "Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixçəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq elektronlaşdırılıb, “çağrı mərkəzi”, “bir pəncərə” dövlət xidmətlərinin əsası bu nazirlikdə qoyulub. Bununla yanaşı, vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması deyil, ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətinin itirməsi, plan-proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorları üzərində vergi yükünün qeyri-mütənasib paylaşdırılması, özəl biznesə qarşı bugünki tələblərə cavab verməyən qəbuledilməz metodların tətbiqi, ədalətlilik prinsiplərinin pozulması, vergi ödəyicələrini “özününki” və “özgə” kateqoriyalarına bölünməsi kimi xoşagəlməz halları qeyd etmək olar".

"Bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək”, - nazir deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun vergi uçotunun bərpası ilə məşğul olacaq: “İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da vardır. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır. Biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir”.

Nazir həmçinin bir sıra şirkətlərin qanunvericilikdə olan boşluqlardan istifadə edərək vergidən yayınması barədə danışıb: "Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bu gün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapınızın döyməsinə hazır olun. Əgər Siz hesab edirsiniz ki, mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir”.

Onun sözlərinə görə, sahibkarları narahat edən əsas məsələlərin, xüsusilə vergi yoxlamalarında müşahidə olunan problemlərin həlli istiqamətində iş aparılır:

“Əsas hədəflərimiz vergi ödəyiciləri ilə iş prinsiplərinin təkmilləşdirilməsi, təmassız münasibətlərin genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin informasiya texnologiyaları üzərindən həyata keçirilməsidir. Biz başa düşürük ki, son illər büdcə daxilolmalarının təmin edilməsi məqsədilə vergi ödəyiciləri üzərinə fiskal təzyiqlərin artması, bir sıra hallarda vergi orqanları tərəfindən aqressiv vergi yığımı ilə bağlı atılmış addımlar sahibkarlığın mövcud durumuna adekvat olmayıb. Vergi ödəyicilərinin fiskal yükü tarazlı şəkildə müəyyən edilməli və vergi öhdəlikləri birtərəfli hesablamalara əsaslanmamalıdır. Sahibkar, xüsusilə də kiçik və orta biznes inkişaf prosesinə həssas kateqoriyadır və fiskal öhdəliklər real inkişaf göstəricilərinə, əldə olunan gəlirə uyğun tətbiq edilməlidir”.

Nazir əlavə edib ki, haqqında şikayətlər daxil olan vergi əməkdaşları haqqından ölçülər götürüləcək:

“Vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb. Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir. Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq"./Report/


Müəllif: Teleqraf.com