16 Fevral 2018 16:37
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Hacıqabul Sənaye Məhəlləsində görüləcək işlər, Məhəllənin sahibkarlar üçün üstünlükləri, istehsal və emal sahələrinin təşkili üçün yaradılacaq imkanlar barədə özəl bölmə nümayəndələrinin məlumatlandırılması və təklif edilən layihələrlə bağlı müzakirələrin aparılması məqsədilə sahibkarlarla görüş keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə,İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, sənayenin inkişafı və rəqabət qabiliyyətinin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinin iqtisadi inkişafda mühüm əhəmiyyətini vurğulayıb.

Niyazi Səfərov bildirib ki, hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri uğurla həyata keçirilir. O, digər sənaye məhəllələrində olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsində də bütün zəruri infrastrukturu dövlətin yaradacağını diqqətə çatdırıb və deyib ki, burada regionun iqtisadi potensialına uyğun olaraq, ağır maşınqayırma, xüsusi vaqonqayırma, kompozit materiallar, plastik taralar, avtomobil və tikinti materiallarının istehsalı üçün avadanlıqların istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.

Nazir müavininin sözlərinə görə, bu layihələr çərçivəsində 43 mln. manat investisiya yatırılması və 850-dən çox iş yerinin yaradılması planlaşdırılır. Artıq “ATEF Sənaye Kompleksi” MMC Hacıqabul Sənaye Məhəlləsinin ilk rezidenti kimi qeydiyyata alınıb. Sənaye Məhəlləsində tikinti işlərinin birinci mərhələsi 2018-ci ilin III rübündə başa çatdırılaraq sahibkarların istifadəsinə veriləcək. N.Səfərov sahibkarları dövlətin yaratdığı imkanlardan yararlanmağa, sənayenin müxtəlif sahələrində layihələrin reallaşdırılmasında Hacıqabul Sənaye Məhəlləsi ilə sıx əməkdaşlığa dəvət edib.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Hacıqabul Sənaye Məhəlləsinin rayon, bütünlükdə region üçün, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətlini vurğulayıb.

Daha sonra “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini Murad Abdullayev regionlarda özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından sənaye məhəllələrinin əhəmiyyətindən danışıb, Hacıqabul Sənaye Məhəlləsində tikiləcək infrastruktur obyektləri, sahibkarlara təklif ediləcək xidmətlər və yaradılacaq istehsal, emal və xidmət sahələri barədə məlumat verib. O, bildirib ki, ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6 100 kvadratmetr olan 4 istehsal sahəsi, 937,8 kvadratmetr sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Hazırda sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.

Tədbirdə sahibkarların fikirləri dinlənilib, təklif edilən layihələr müzakirə olunub.


Müəllif: Teleqraf.com