10 Mart 2018 09:00
1 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ildə iqtisadi sabitliyin əldə edilməsi növbəti ildə həm iqtisadi artımı gücləndirmək, həm də növbəti dövrdə bu prosesi sürətləndirmək baxımından önəmli idi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir: “ 2017-ci ildə Azərbaycan qeyri-neft məhsullarının ixracını 1,5 milyard dollara qədər yüksəltdi. Bu isə əvvəlki illə müqayisədə 24 faiz artım deməkdir. Nəticə etibarı ilə Azərbaycan sahibkarları və fermerləri xarici ölkələrə daha çox məhsul çıxarmaq imkanı qazanıblar. Bu da qeyri-neft məhsullarının ixracı imkanlarının inkişafı baxımından vacibdir.

2018-ci ildə də təşviqedici fəaliyyət davam edir. Xüsusən, ixracata subsidiyaların tətbiqini qeyd etmək olar. Qeyri-neft sektoru sahəsində məhsul ixrac edən fermerlər 2018-ci ildə də ixrac etdikləri məhsulun həcminə uyğun olaraq əmtəədən asılı olaraq 3-5 faiz subsidiya əldə edirlər. Bu, ixracatın stimullaşdırılması baxımından vacibdir.

Bu, həm də qeyri-neft məhsulları ixrac edən vətəndaşlara əvəzsiz subsidiyadan daha çox yararlanmaq imkanı verir”.

Ekspert bildirib ki, 2018-ci ildə həm “Made in Azerbaijan” brendinin tanıdılması və qeyri-neft sektorunda ixracatın artırılması baxımından fəaliyyətin gücləndiriləcəyi gözlənilir: “Neftin mövcud qiymətinin stabilliyi də Azərbaycan üçün uyğundur. Çünki neft qiymətinin 50 dollardan yüksək olması ölkəyə daxil olan valyutanın stabilləşməsinə imkan yaradır. Yəni neftin qiymətinin stabil olması ölkə üçün məqbul situasiya sayılır.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq növbəti orta müddətli dövrdə qeyri-neft ixracatını 4,5 milyard dollara qədər çatdırmaq nəzərdə tutulur. Bu, adambaşına təxminən 450 dollar ixrac deməkdir. Sözsüz ki, təşviqedici fəaliyyətlər bu baxımdan da vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi üçün həmin məhsulların tanıdılmasına ehtiyac var: “Sahibkarların dövlət dəstəyi ilə sərgilərdə iştirakının təmin edilməsi, Avropada aparıcı super marketlərdə məhsullarımızın “Made in Azərbaycan” güşəsində təqdimi qeyri-neft ixracatının artırılması üçün əsas şərtlərdəndir”.


Müəllif: Şəfiqə