14 Mart 2018 16:27
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) 13 mart tarixində Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.

Birgünlük treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan Kapital Bank-ın bilavasitə təşəbbüsü ilə keçirilib. Qeyd etmək lazımdır ki, Bakı ilə yanaşı Honq Konq və Orlandoda da (Florida ştatı, ABŞ) belə seminar keçiriləcək.

Maliyyə cinayətləri ilə mübarizə heç vaxt öz aktuallığını itirməyib. Müxtəlif sorğuların da göstərdiyi kimi, ötən il dünyada şirkətlərin 49%-i bu və ya digər şəkildə maliyyə və iqtisadi cinayətlərlə üzləşib. Bu kontekstdə maliyyə sahəsində çalışan əməkdaşların ixtisaslarının artırılmasının əhəmiyyəti daha da artır.

Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyən olunması və azaldılması üçün “üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyi haqqında öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub. Bankir və komplayens mütəxəssislərinə müştərilərin eyniləşdirilməsi üzrə məsələ və tədbirlərə aid normativ tələblər barədə məlumat verilib.

Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir. “Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda beynəlxalq ticarətin və digər ölkələrin iqtisadi inkişafına xidmət edir. Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilir. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə baxımından son tendensiyalar və öncül metodikalar barədə biliklərin vacibliyi önəmlidir.

Kapital Bank tərəfindən dəstəklənənə BAFT-ın bu seminarı azərbaycanlı bankirlərin ixtisaslaşmasının artmasına böyük töhfə verəcək və fırıldaqçılıqla səmərəli mübarizəyə kömək etməklə, maliyyə sektorunun gələcək inkişafını dəstəkləyəcək.


Müəllif: Teleqraf.com