24 Mart 2018 11:45
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin fevralında Bakının avtomobil bazarında orta qiymət 22 208 manata bərabər olub.

Teleqraf.com xəbər verir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ayla müqayisədə bazarda orta qiymətlər 1,83 faiz azalıb.

Ekspert qeyd edib ki, bu ilin fevralında ümumilikdə 2 163 avtmobil satışa çıxarılıb:

"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 7 faiz artıb. Satışa çıxarılan avtomobillərin böyük hissəsi – 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyadan olan avtomobillərin orta qiyməti 21 343 manat təşkil edib. Dizel mühərrikli avtomobillərin payı 11,8 faizə bərabər olub. Bu avtomobillərin orta qiyməti 28 682 manat olub. Bazarda avtomatik ötürücülər qutusu ilə avtomobillərin payı 64,4 faiz təşkil edib, orta qiyməti isə 29 669 manata bərabər olub. Mexaniki ötürücülər qutusu ilə avtomobillərin bazarda payı isə 35,6 faiz, orta qiyməti 8 709 manat olub".

N.İbrahimov bildirib ki, 2018-ci ilun fevralında bazarda avtomobillərin orta yürüş məsafəsi təxminən 182,17 min kilometr təşkil edib. Bu rəqəm bir ay ərzində 2,9 faiz azalıb. Avtomobillərin orta yaşı 13,3 ilə bərabər olub.

Ekspert əlavə edib ki, bazarda təqdim olunan avtomobillərin orta illik köhnəlmə dərəcəsi 6,09 faiz təşkil edib:

"Yaşı beş ilədək olan avtomobillərdə bu göstərici 10,4 faiz, 5 ildən 10 ilədək olan avtomobillərdə 6,53 faiz təşkil edib".

Bazarda qiymətlərin ucuzlaşmasını şərh edən ekspert bildirib ki, bu, yanvar ayında qiymətlərin kəskin qalxmasından sonrakı korreksiya ilə əlaqədardır:

"Yanvar ayında Bakının avtomobil bazarında orta qiymət 20,39 faiz qalxmışdı. Adətən bu cür kəskin qalxmadan sonra qiymətlər stabilləşir və korreksiya baş verir". (Trend)


Müəllif: Teleqraf.com