19 Aprel 2018 17:20
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimində qarşıdakı yeddi ildə bütün səviyyələrdən olan islahatların daha da dərinləşdirilməsi və ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində atılacaq addımların anonsunu verdi.

Bunu Teleqraf.com-a açıqlamasında sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.

F.Yusifov qeyd edib ki, güclü iqtisadiyyatın nə demək olduğundan bəhs edərkən Prezident “yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyib:

“Son 15 ildə prezidentin bilavasitə rəhbərliyi altında aparılan iqtisadi islahatlar Azərbaycanda güclü iqtisadiyyat və güclü dövlət yaratmağa imkan verdi. Aparılan bu islahatlar və düşünülmüş daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən nüfuzlu dövlətinə çevrildi. İndi Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların keçirdikləri reytinqlərdə nəinki MDB dövlətlərini, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrini geridə qoyur. Azərbaycan hökuməti 2004-cü ildən başlayaraq yaxın 10-15 il ərzində ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaqla sürətli inkişaf strategiyasını müəyyənləşdirdi. Hökumət neft pullarının daimi olmadığını yaxşı bildiyindən iqtisadiyyatın köklü şəkildə yenidən qurulması işlərinə başladı. Bir sözlə, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verildi”.

Ekspert qeyd edib ki, 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi:

“Görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu, bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsl inqilab idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər dönüş müşahidə olunmamışdı.

Bu illər ərzində ölkənin keçdiyi iqtisadi inkişaf yolu rəqəmlərin dili ilə daha aydın görünür. 2004-2017-ci illər ərzində ümumi ölkə iqtisadiyyatı 3,2, qeyri-neft iqtisadiyyatı 2,8, qeyri-neft ixracı isə 4,1 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 13,3 dəfə artaraq 1,5 milyard manatdan 20,1 milyarda çatıb. Sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artaraq, bu gün 44 milyard dollara yüksəlib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan indi dünya ölkələri arasında ön sıradadır. Ötən müddət ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə yatırılıb, bunun yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan adambaşına düşən sərmayələrin həcminə görə də dünya ölkələri arasında ən qabaqcıl yerlərdən birini tutur”.

F.Yusifovun sözlərinə görə, əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası vardısa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib:

“Bu, sovetlər dönəmi də daxil 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta elektrik enerjisi də ixrac edirik. Eyni uğurlar regionların qazlaşdırılması, su təchizatı və digər başqa sahələrdə də əldə olunub. 2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idisə, indi bu rəqəm 93 faizi ötüb. Cari ildə ölkədə qazlaşdırmanı 95 faizə çatdırmaq nəzərdə tutulur. Hazırda Azərbaycanın ən ucqar dağ kəndlərinin qazlaşdırılması prosesi gedir.

Ötən illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorativ tədbirlər görülüb – Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay kimi dörd nəhəng su anbarı tikilərək istifadəyə verilib. Bunun nəticəsidir ki, keçən il 100 min hektardan çox suvarılmayan torpaq sahəsi istifadəyə yararlı vəziyyətə gətirilib və bu il də bir o qədər torpağın əkin dövriyyəsinə qaytarılması nəzərdə tutulub”.

Müsahibimiz əlavə edib ki, 2004-2017-ci illər ərzində ölkəmizdə ümumilikdə 12 min 300 kilometr yol çəkilib, cari ildə bu rəqəmin 15 min kilometrə çatdırılması gözlənilir:

“Ötən dövr ərzində Azərbaycanda yeddi aeroport tikilib istifadəyə verilib ki, onlardan da altısı beynəlxalq aeroport statusuna malikdir. Bu illər ərzində ölkə iqtisadiyyatının belə sürətli inkişafı dövlətimizin maliyyə imkanlarının kifayət qədər genişlənməsinə, bu isə öz növbəsində sosial məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Belə ki, 2004-2017-ci illər ərzində ölkədə əmək haqları 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi 5,4 faizə enib. Xatırladaq ki, 2004-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Ötən dövrdə Azərbaycanda 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilb, yaxud təmir edilib, 43 olimpiya idman kompleksi inşa olunub”.

F.Yusifov daha sonra deyib:

“Görülən bütün bu işlər və əldə olunan yüksək nəticələr hesabına indi Azərbaycan həm Qərb, həm də Şərq üçün, sözün əsl mənasında ən etibarlı strateji tərəfdaşa çevrilib. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa zamanda əldə etdiyi uğurlar, heç şübhəsiz, ölkədə aparılan ardıcıl və davamlı islahatların məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycan öz iqtisadi və hərbi qüdrətinə arxalanaraq işğal altındakı torpaqlarını bir neçə gün ərzində azad etmək iqtidarındadır. Son 15 ildə yüksək uğurlara imza atmış müasir Azərbaycan dövləti artıq təkcə ölkəmizdə yaşayan azərbaycanlıların yox, 50 milyonluq bütün dünya azərbaycanlılarının dövlətinə çevrilib. Bu güclə, bu qüdrətlə hesablaşmamaq isə mümkün deyil”.


Müəllif: Səxavət Həmid