19 Aprel 2018 20:58
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan iqtisadiyyatı son 15 ildə ümumən 3,2 dəfə artıb.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, ölkədə qeyri-neft ixracatı 4 dəfədən çox, sənaye istehsalı 2,6 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb: “Bu gün Dövlət Neft Fondu ilə Mərkəzi Bankın toplam ehtiyatları 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda çox gözəl investisiya iqlimi var.

Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət yetirilib. Azərbaycan yoxsulluğa qarşı mübarizədə böyük uğurlara imza atıb. Yoxsulluq 50 faizdən 5,4 faizə düşüb. İşsizlik 5 faiz səviyyəsindədir. Keçən ilin ən müsbət iqtisadi hadisələrindən biri də bir sıra beynəlxalq hesabatlarda, o cümlədən, “Doing Business 2018” hesabatında Azərbaycan bir il əvvəllə müqayisədə daha 8 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerə yüksəlməsi olub”.

Ekspert bildirib ki, ölkəmizin mövqeyi 10 indikatordan 6-sı üzrə yaxşılaşıb ki, bunlar elektrik enerjisinə əlçatanlığa görə 3 pillə, daşınmaz əmlakın qeydiyyatı üzrə 1 pillə, kiçik sərmayəçilərin hüquqlarının qorunması üzrə 22 pillə, vergilərin ödənməsinə görə 5 pillə, müqavilələrin icrasına görə 6 pillə və müflisləşmənin həllinə görə 39 pillə irəliləməkdən ibarət idi:

“Ümumiyyətlə, beynəlxalq maliyyə və iqtisadi qurumlar tərəfindən ölkəmizin mövqelərinin yüksək qiymətləndirilməsi davam edir. Azərbaycan həmçinin, “2018 İqtisadi Azadlıq” indeksi üzrə də bir pillə irəliləyərək, 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Odur ki, “2018 İqtisadi Azadlıq” indeksi və yaxud bu cür digər hesabatlara münasibətdə, o cümlədən, beynəlxalq maliyyə və reytinq qurumlarının rəylərinə dair açıqlamalarımda da qeyd etmişəm ki, bütün bunlar məhz ölkədə aparılan islahatların nəticəsidir. Belə ki, əksər beynəlxalq reytinq agentlikləri tərəfindən ard-arda ölkə iqtisadiyyatının real vəziyyəti haqqında müsbət mövqe nümayiş etdirməsi təsadüfi deyil. Bütün hesabatlarda Azərbaycanın adının yüksəlməsini müşahidə edirik”.

Ekspertin fikrincə, növbəti illərdə daha ciddi islahatların aparılacağı, vətəndaşların yaşayış səviyyəsinin ardıcıl olaraq yaxşılaşacağı gözlənilir: “Ölkə iqtisadiyyatı getdikcə qeyri-neft sektoru üzərində köklənəcək”.


Müəllif: Şəfiqə Nazimqızı