2 May 2018 15:09
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyə jurnalistlərinə bildirib.

O qeyd edib ki, TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın açılış mərasimi iyunun 19-da olacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihədir. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək.

Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 51 faiz, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) - 7 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.


Müəllif: Mənbə/Azərtac