11 May 2018 11:33
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalarda maraqlı ölkə deyil.

Bunu Teleqraf.com-a iqtisadçı Vüqar Bayramov deyib.

İqtisadçı hesab edir ki, İrana qarşı olan bu sanksiyaların yumşaldılması arzuolunandır:

“Baxmayaraq ki, sanksiyalar dünya bazarlarında neftin bahalaşamasına, bununla da Azərbaycanın gəlirlərinin artmasına gətirib çıxaracaq, amma dövlət olaraq bu sanksiyaların tətbiq edilməsində maraqlı deyilik. İran ətrafında yaranmış gərginliyə görə artıq son illərdə ilk dəfə neft 77 dollardan baha satılır. Bu səbəbdən ölkəyə daxil olan valyutanın həcmi artacaq.

İrana qarşı sanksiyalar maliyyə, kimya (enerji) və maliyyə sektorlarını əhatə edir. Bu baxımdan İranla bu sahələrdə əməkdaşlıq edən ölkələrə cərimələrin tətbiqi məsələsi gündəmdədir.

Təbii ki, son zamanlar Azərbaycan İranla əməkdaşlığını genişləndirib. Azərbaycanda birgə dərman və avtomobil zavodları açılıb. Yəni, sanksiyalar Azərbaycan üçün məqbul deyil.

Sanksiyalara adekvat olaraq neftin qiymətləri artacaq, bu da Azərbaycanın gəlirlərinin artmasına şərait yaradacaq.

Avropa İttifaqı ABŞ sanksiyalarına qoşularsa, bu zaman İranla əməkdaşlıq edən ölkələr də ehtiyatlı davranmalı olacaqlar. Buna görə də, sanksiyaların iqtisadi baxımdan Azərbaycana fürsət yaradacağını düşünmürəm. Əksinə, sanksiyaların yumşalması arzuolunandır”.


Müəllif: Mənsur Rəğbətoğlu