18 May 12:29

Mayın 1-ə olan məlumata görə, hazırda respublikada 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır.

Teleqraf.com xəbər verir ki, bunları Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.

Onun sözlərinə görə, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, 904 nəfər vəfat edib:

"2018-ci ilin son 4 ayı ərzində Azərbaycanda İİV-lə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfərdir. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfərdir. Həmin müddətdə İİV infeksiyasından 16 nəfər ölüb".

E.Muradov bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub:

"Qeydiyyatda olanlardan 42,2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa xəstəlik keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiylı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faizi isə homoseksuallardan keçib. HİV-ə yoluxma ən çox cənub zonası - Lənkəran, Astara rayonlarında üstünlük təşkil edir. Şirvanda da çoxdur. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır".

E.Muradov bildirib ki, qadınlar arasında 30-39 yaş arası yoluxmalar daha çoxdur:

"Mən hesab edirəm ki, bunun səbəbi maarifləndirici çarxların olmamasıdır. Bu bizim mentalitetlə əlaqəli ola bilər. Amma kişilərin qorunma məsələsinə laqeyd yanaşması qadınların bu xəstəliklərə yoluxmasını artırır. Aparılan müayinələr zamanı uşaqlar arasında İİV infeskiyasına yoluxanların sayı olduqca azdır".

Həkim onu da əlavə edib ki, salonlarda istifadə edilən alətlərin qeyri-steril olması da bu xəstəliklərin yayılmasına zəmin yaradır:

"Qayçılar, manikur-pedikur alətləri, daraqlar - bütün bunlar xəstəlik daşıyıcısı ola bilir. Bu məsələyə xanımlar özləri də ciddi yanaşmalıdır. Gözəllik xətrinə sağlamlıqlarını təhlükəyə atmaları normal deyil".


Müəllif: Könül
Загрузка...