28 Aprel 2014 11:38

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı Dövlət Sosial Müdafiə Fondu (DSMF) olan tvinninq layihəsi üzrə müqavilə qüvvəyə minib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qeyd edilən tvinninq layihəsinin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.

DSMF sədri onu da bildirib ki, ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə layihənin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur. Hazırda həmin tədbirin təşkili ilə bağlı qarşı tərəflə müzakirələr aparılır.

Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində “Sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi üzrə ilkin danışıqlar 2010-cu ildə başlayıb. Ötən dövr ərzində, layihə ilə bağlı geniş müzakirələr və ilkin hazırlıq işləri aparılaraq detalları dəqiqləşdirilib, habelə layihə üzrə müvafiq müqavilə tərtib edilib. Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində müəyyən edilmiş prosedur qaydalarına uyğun şəkildə təsdiq olunaraq imzalanmış müqavilə cari ilin aprel ayında qüvvəyə minib. Qeyd edilən tvinninq layihəsi Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Naibə


Müəllif: