19 Avqust 2014 10:43
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadçı Vüqar Bayramov: "Borcların silinməsindən bəzi müəssisələr sui-istifadə edir"

"Bu ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 87,1 faizini və ya ötən ilin müvafiq dövründə 83,4 faizini ödəməklə 10,1 milyon manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin 8 milyon manatı, təbii qazın 760,6 min manatı, istilik enerjisinin 546,4 min manatı, suyun 524,0 min manatı, rabitə xidmətlərinin 269,5 min manatı ödənməyib".

Bu barədə Statistika Komitəsinə istinadla yayıb. Kommunal məlumat üzrə fəaliyyət göstərən "Bakıelektrikşəbəkə" ASC, "Azəriqaz" İB, "Azəristiliktəchizat" ASC, "Azərsu" ASC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətləri ilə əlaqə saxladıq. Bu qurumlara borcu olan dövlət təşkilatları ilə və hansı tədbirlərin görülməsi ilə maraqlandıq.

Qurumlardan bizə bildirdilər ki, məsələ ilə əlaqədar araşdırma aparılıb, müvafiq cavab veriləcək.
"Bakıelektrikşəbəkə"dən Tanrıverdi Mustafayev dedi ki, onlara dövlət qurumlarının külli miqdarda borcu yoxdur: "Orada göstərilən rəqəmin bizə heç bir aidiyyəti yoxdur. Görünür, səslənən rəqəmlər "Azərenerji" ilə bağlıdır".

"Azəriqaz"a borclu dövlət təşkilatının adı açıqlana bilməz

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev dedi ki, quruma bəzi təşkilatların debitor borcları var: "Ümid edirik ki, ödəyərlər. Amma bu təşkilatların adlarının açıqlanmasına səlahiyyətimiz yoxdur. Çünki bu abonentlə, təşkilatla "Azəriqaz" arasında olan məsələdir. Bəzən hansısa təşkilat həddən artıq yubanmalara yol verirsə, bu, araşdırılır və tədbir görülür. Məsələn, məhkəməyə müraciət edilir və bu barədə mətbuata məlumat verilir".

Araz Ağayev dedi ki, bu il ərzində "Azəriqaz"la heç bir təşkilat arasında məhkəmə müstəvisinə çıxan, mübahisə doğuran fakt baş verməyib: "Praktikada borca görə məhkəməyə verilmə halları olub, amma bu il belə bir vəziyyət yaranmayıb. "Azəriqaz" ümumiyyətlə, debitor borcların azaldılması istiqamətində daim göstərişlər verir və bu istiqamətdə qaz istismarı sahələri tərəfindən işlər aparılır".

"Pulunu ödəməyənin istiliyini kəsərik"

"Azəristiliktəchizat" ASC-nin abonentlərlə iş şöbəsinin müdiri Rafiq Əliyev bildirdi ki, qurum Statistika Komitəsinə borclarla bağlı rəqəm təqdim etməyib: "Görünür, məlumatı verən mənbə yanlışlığa yol verib. Komitənin saytına da baxdıq, elə bir məlumata rast gəlmədik. Dövlət təşkilatları ilə borca görə ciddi mübahisə yaradacaq problemimiz olmayıb. Borcla bağlı indiyədək hansı bir təşkilatı məhkəməyə verməmişik. Pulunu ödəməyənin istilik təchizatı dayandırılıb və ödəmə aparılıb".

Büdcənin formalaşmasında hər manatın rolu var

İqtisadçı Vüqar Bayramovun bildirdiyinə görə, dövlət büdcəsinin formalaşmasında hər manatın rolu var. O, hesab edir ki, Azərbaycanın dövlət büdcəsinin 20 milyard manat olmasına baxmayaraq, 10,1 milyon manat kiçik rəqəm deyil: "Avropada belə bir deyim var: büdcə gəlirləri 1 dollardan başlayır. Bu baxımdan, büdcə ödəyicilərinin büdcə formalaşmasında böyük rolu var. Amma büdcənin gəlirlərində payı baxımından bu rəqəmi kiçik hesab etmək olar. 20 milyard manatla müqayisədə 10 milyon manat böyük rəqəm deyil. Amma sözsüz ki, biz bu rəqəmə büdcədəki pay aspektindən yanaşmamalıyıq.

Problem ondan ibarətdir ki, bəzi dövlət müəssisələri əhəmiyyətli müəssisələr olsa belə, onların kommunal xidmət borcları böyükdür. Böyük məbləğdə borclara baxmayaraq, həmin təşkilatlara kommunal xidmətlər göstərilməkdə davam edir. Adətən, humanitar profilli müəssisələrdə bu hallara rast gəlmək olur. Məsələn, dövlət teatrlarının kommunal xərcləri böyük olur, amma onlara kommunal xidmətin dayandırılması arzuolunan hal deyil".

Borclar silinir, dövlət təşkilatlarında arxayınlıq yaranır

İqtisadçı bildirdi ki, Azərbaycanda zaman-zaman qarşılıqlı borcların silinməsi ilə bağlı proseslər baş verir ki, borcu olan müəssisələrin normal fəaliyyətini bərpa etmək mümkün olsun: "Çox təəssüf ki, dövlət dəstəyi olmasına baxmayaraq, bəzi hallarda bu cür dəstəklərdən sui-istifadə edirlər. Kommunal borcu olan dövlət təşkilatlarında belə qənaət yaranır ki, borc əvvəl-axır silinəcək. Bu, doğru yanaşma deyil.
Sözsüz ki, kommunal xidmətlərə məsul olan qurumlar da çalışırlar ki, bu borcların azaldılması istiqamətində iş görsünlər. Amma kifayət qədər ciddi humanitar borcu olan qurumlar var ki, onlara kommunal xidmətin dayandırılması asan məsələ deyil".

Xarici təcrübə

Kommunal xidmətlərin həyata keçirilməsi ilə bağlı qabaqcıl ölkələrdən nümunə gətirən Vüqar Bayramov bildirdi ki, xaricdə kommunal xidmət borclarının toplanması işini özəl şirkətlər icra edir: "Bu isə o deməkdir ki, həmin qurum humanitar profilli qurum olsa belə, borcların ödənməsi məcburi şəkildə həyata keçirilir".

Sevil Hilalqızı


Müəllif: