15 Aprel 2014 12:47
3 752

Pərviz Heydərov: "Bu, dəllalların spekuliyasiyasıdır"

Məlum olduğu kimi, özəlləşdirmə çeklərinin müddəti 2011-ci il yanvarın 1-də bitib. Buna baxmayaraq, "28 May" metrostansiyasının qarşısındakı "qara bazar"da hələ də çeklərin alış-satışı aparılır. Xatırladaq ki, özəlləşdirmə paylarının (çeklər) dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb.

Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti artırılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb.

Ekspertlər bildirir ki, bundan sonra özəlləşdirmə paylarının istifadə olunması mümkünsüzdür. Çünki çeklər heç bir müəssisənin özəlləşdirilməsi üçün lazımlı deyil və kütləvi özəlləşdirmə başa çatıb. Belə olan halda "qara bazar"dakı çek alqı-satqısı maraq doğurmaya bilmir.

28 May metrostansiyası qarşısında çek alış-verişi ilə məşğul olanların bir neçəsinə yaxınlaşıb çeklərinin müddətinin bitdiyini desək də, onlar hər bir halda əhalidə qalan çekləri almaq istədiklərini dedilər. Bir pay özəlləşdirmə çekini 3 manata aldıqlarını bildirdilər. Onlardan çeki hara təqdim etdiklərini soruşduqda isə cavab belə oldu: "Əvvəl hara verirdiksə, indi də ora".

Olmalıydı, olmadı...

Qeyd edək ki, proses dövründə özəlləşdirmə paylarının yalnız 80 faizindən istifadə olunduğu, qalan həmin 20 faizin isə hələ də əllərdə qaldığı deyilir. Hazırda həmin 20 faizin satışını həyata keçirməyə çalışırlar. Buna görə də indiki halda özəlləşdirmə paylarının satışının məhdud şəkildə davam etməsinə baxmayaraq, gələcəkdə ondan istifadə olunması qeyri-mümkün olacaq.

Bu qənaətdə olan ekspertlərdən biri iqtisadçı-ekspert Pərviz Heydərova görə, əslində özəlləşdirmə çekləri ölkəmizdə dövriyyəyə buraxılan ilk gündən öz dəyərini ifadə edə bilmədi: "Təkcə Azərbaycanda belə olmadı. Bütün postsovet məkanındakı ölkələrdə analoji vəziyyət hökm sürdü. Bunun bir neçə səbəbi vardı.

Əvvəla, əhali özəlləşdirməyə hazır deyildi, ikincisi, iqtisadiyyatda xırda və orta sahələrin özəlləşdirilməsi başlanılan zaman vətəndaşların sosial-iqtisadi vəziyyəti yaxşı deyildi. Ən nəhayət, özəlləşdirmənin mahiyyəti və məqsədi haqda dövlət səviyyəsində lazımi izah və təbliğat işi aparılmadı.
Odur ki, sözügedən çeklər ilk gündən dəyər-dəyməzinə satıldı. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması əslində ölkədə qiymətli kağızlar bazarının inkişafında mühüm rol oynamalı idi. Reallıqda isə bu bazar indinin özündə belə tələblər çərçivəsində deyil, halbuki özəlləşdirmə çekləri öz rolunu ötən onillikdən də əvvəl oynayıb başa çatdırıb".

Dəllalların məqsədi

Ekspert özəlləşdirmə paylarının hələ də "qara bazar"da dövriyyəsini belə şərh etdi: "Bu onu göstərir ki, əslində bir qrup adam bu prosesdən spekulyativ məqsədlər üçün istifadə edib. Ötən müddət ərzində hökumət tərəfindən çeklərin müddəti bir neçə dəfə artırılıb və bu barədə əhaliyə məlumat verilib. Eləcə də çeklərin istifadə müddətinin başa çatması ilə bağlı ətraflı açıqlamalar verildi. Lakin bunların hələ də əllərdə satışda olması çeklərdən müəyyən qrup adamların - dəllalların həm də spekulyativ məqsədlə yararlandıqlarını göstərir".

Pərviz Heydərov ölkədə bir daha özəlləşdirmə paylarının buraxılacağının inandırıcı olmadığını deyir: "Özəlləşdirmə çekləri adətən orta və kiçik sahələrin satılması başlanan zaman buraxılır. Məqsəd ölkə vətəndaşlarını o prosesə cəlb etməkdir. Hazırda isə ölkədə bu proses başa çatıb. Ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur, özəlləşdirmə ehtimalı olan yalnız iri şirkət və müəssisələr qalıb ki, onların da səhmlərinin satılması gözlənilmir. Qalanlar Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Bank kimi müəssisələrdir ki, bunlar üçün də əlavə özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması real deyil. Çünki onların bəziləri açıq, bəziləri qapalı tipli səhmdar cəmiyyətdir və konkret sahibləri var. Satışa çıxarılanda da əlavə çek buraxıb, əhalini bu işə cəlb etməyə lüzum yoxdur".

Özəlləşdirmənin qara üzü

İqtisadiyyat professoru Əli Əlirzayev hələ də dövriyyədə çeklərin olmasını məlumatsızlıqla əlaqələndirdi: "Əslinə qalsa, Azərbaycanda çeklər dövriyyədən çoxdan çıxmalı idi. Çünki Azərbaycan yeganə ölkədir ki, burda dövriyyədə olan çeklərin müddəti digər dövlətlərlə müqayisədə bir neçə dəfə çox oldu. Mərkəzi, Şərqi Avropada və keçmiş postsovet ölkələrində adətən çeklərin dövriyyə müddəti orta hesabla üç il olub, Azərbaycanda isə onların dövriyyə müddəti 13 ildir. Amma bu, imkan vermədi ki, yenə də çeklər istifadə olunsun. Hazırda əhalinin əlində çeklər qalıb. Bu gün də onları istifadəsiz şəkildə saxlayırlar və belə bir imkan olmadı ki, onlar yeni bir sosial təbəqəyə, səhmdara çevirsinlər özlərini. Hesab edirəm ki, özəlləşdirmədə vaxtilə baş vermiş qanun pozuntuları, xüsusilə də kütləvi özəlləşdirmə mərhələsində yaşananlar bundan sonra özəlləşdirmənin imicinə, reputasiyasına əhəmiyyətli dərəcədə mənfi təsir göstərdi".

Məsələ ilə bağlı müraciət etdiyimiz Əmlak Məsələləri Dövlət Komitəsindən isə özəlləşdirmə çeklərinin vaxtının bitdiyini və "qara bazar"da baş verənlərin onlara heç bir aidiyyəti olmadığını dedilər.

Naibə QURBANOVA


Müəllif: