15 Aprel 2014 13:25

Azərbaycan Avropada yeganə ölkədir ki, istehlakçı aldığı malı ticarət mərkəzinə qaytarıb pulunu geri almaq hüququna malik deyil.

Yəni, əgər siz mağazadan hər hansı mal, məsələn köynək almısınız və evə döndükdən və ya bir neçə gün sonra o xoşunuza gəlmirsə və hətta istifadə etməmisinizsə belə onu geri qaytarmaq haqda düşünməyin. Çünki mövcud qanunvericilik malın geri qaytarılıb pulunun ödənilməsini deyil, yalnız dəyişdirilə bilməsinə icazə verir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçının aldığı malı 14 gün ərzində qaytarmaq deyil, yalnız dəyişdirmək hüququna malikdir. Alınan məhsul sadəcə başqası ilə əvəz edilə bilər.

Yəni, alıcının birbaşa malı geri qaytarmaq hüququ yoxdur və bu satıcılar üçün qanunla məcburi xarakter daşımır. Alıcı aldığı malın ölçüsünə və ya üzərində tapdığı qüsura görə malı dəyişdirmək istəyirsə və satışda eyni məhsuldan başqası yoxdursa o zaman qanunvericiliyə əsas mal geri götürülə bilər.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 1995-ci il 19 sentyabr tarixli ölkə Prezidentinin təsdiq etdiyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda alıcıya aldığı malı qaytarıb pulunu geri almaq imkanı tanınırdısa sonradan sözügedən sənədə edilən dəyişiklik ilə bu hüquq istehlakçılardan alındı: "Halbuki, qanunun təkmilləşdirilməsi daha çox istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində olmasına ehtiyac var idi. Amma əksinə satış mərkəzlərinin dominatlığını gücləndirən dəyişikliklər ötən müddətdə reallaşdırıldı. Əslində, Azərbaycanda istehlakçıların aldıqları malı müəyyən müddət ərzində geri qayatara bilməmələri Avropa İstehlakçılarının Hüquqlarının Qorunması Konvensiyasının əsas prinsiplərinə ziddir. Beynəlxalq konvensiyalara görə, hər bir dövlət vətəndaş-istehlakçılarına malları geri qaytarmaq hüququ verilməlidir. Başqa tərəfdən, bu müddətin də 2 həftə deyil, beynəlxalq standartlara uyğun olaraq ən azı 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bəzi inkişaf etmiş ölkələrdə bu müddət hətta 2 ay belə müəyyənləşdirilir. Əgər alınan maldan istifadə edilməyibsə qanunla müəyyənləşdirilmiş müddətdə həmin məhsulun alınmasını təsdiq edən çek və ya qəbzi təqdim etməklə sözügedən məhsulun geri qaytarılmasını və pulunun alınmasını alıcı təmin etməlidir.

Bu baxımdan, Azərbaycanda da beynəlxalq standartlara uyğun olaraq istehklakçılara əsas hüquqlarından biri olan aldıqları malları geri qaytararaq pulunu alması hüququnun verilməsi və müddətin 1 ay müəyyənləşdirilməsinə ehtiyac var. Bunu yerinə yetirməkdən imtina edən satış məntəqlərinə isə ABŞ da olduğu ciddi maliyyə cərimələrinin tətbiq edilməsi və bu təkrarlandığı halda isə biznesin bağlanması haqda qərarın verilməsinin qanunvericilikdə əks etdirilməsi vacibdir".

Ayxan


Müəllif: